AMEA Eroziya və Suvarma İnstitutunda 20 Yanvar şəhidlərinin anım günü keçirilib.
Öncə 20 Yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sukutla yad edilib.
İclası giriş sözü ilə açan institutun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Seymur Səfərli bildirib ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən biridir. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanlar arasında qadın, uşaq və qocalar olmuşdur.
Xalqın bu ağır günlərində, 20 Yanvar hadisələrinə ilk siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilmiş və bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayılmış, xalqımızın qəlbində ümid çırağı yandırmışdır. H.Əliyevin təşəbbüsü ilə şəhidlərimizin qəhrəmanlığını əbədiləşdirmək məqsədilə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi də tikilmişdir.
S.Səfərli qeyd edib ki, 20 Yanvar şəhidləri dünənimizin və bu günümüzün qəhramanlıq və qürur simvolu, gələcək nəsillərimiz üçün isə örnəkdir. Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən hər bir oğul və qızlarımızın xatirəsi bizim üçün həmişə əziz olub və olacaqdır.
Tədbirdə, həmçinin institutun əməkdaşı Hidayət Məmmədov, şöbə müdirləri Fərhad Sadıqov və Nizami Ağayev çıxış ediblər. Bildiriblər ki, azad fikri, azad sözü və həmrəyliyi ilə mübarizəyə qalxmış xalqı zəhmli ordunun tankları, işıq saçan zəhərli güllələri ilə susdurmağa çalışsalar da buna nail ola bilmədilər. Azərbaycan xalqı öz müstəqilliyinə nail oldu və bu gün Azərbaycan ölkə Prezidentinin apardığı siyasət nəticəsində həm regionda, həm də dünyada aparıcı dövlətlərdən birinə çevrilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.