Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.01.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Botanika İnstitutunda 20 Yanvar hadisələrinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirildi

AMEA Botanika İnstitutunda 20 Yanvar hadisələrinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirildi

AMEA Botanika İnstitutunda 20 Yanvar hadisələrinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirildi.

İnstitutun direktoru, professor Validə Əli-zadə mərasimi açıq elan etdikdən sonra, tədbir iştirakçıları xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

V.Əli-zadə qeyd etdi ki, 24 il bundan əvvəl 20 yanvarda baş vermiş hadisələri bir yandan faciə kimi xatırlayırıqsa, digər tərəfdən bu hadisə xalqımızın qəhrəmanlıq tarixinin şərəf səhifəsi kimi qiymətləndirilməlidir. Vurğulandı ki, bu faciə günahkarlarının aşkar olunması, onlara hüquqi-siyasi qiymət verilməsi yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra baş verdi. Azərbaycan Parlamenti geniş müzakirələrdən sonra bu hadisələrə öz hüquqi-siyasi qiymətini verdi və faciə günahkarlarının adları açıq şəkildə bəyan edildi.

Həmkarlar təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Oqtay Mirzəyev “Qanlı Yanvar” adlı məruzə ilə çıxış edərək bildirdi ki, 1990-cı il yanvarın 20-də rus qoşunlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi, bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Həmin ildən başlayaraq faciənin ildönümündə şəhidlərin xatirəsi dövlət səviyyəsində yad edilir və bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Həmin günün tarixi əhəmiyyətindən danışan O.Mirzəyev vurğuladı ki, sovet rejimi bu cinayəti törətməklə xalqımızla özü arasında bütün körpüləri yandırdı, törədilən cinayətləri nə özünə, nə də dünyaya izah edib bu rejimə haqq qazandıra bilmədi.

Tədbirdə çıxış edən institutun əməkdaşları biologiya üzrə elmlər doktoru Eldar Novruzov və biologiya üzrə fəlsəfə doktoru Dariko Rəsulova 20 Yanvarla bağlı fikirlərini bölüşdülər.

Gənc alim və mütəxəssislər şurasının sədri Aidə Dadaşova Azərbaycan gəncliyinin beynəlxalq aləmdə bu faciə ilə əlaqədar həqiqətlərin təbliğində əhəmiyyətli addımlar atdığını qeyd etdi. Gənc doktorant Tural Qasımov 20 Yanvarla bağlı yazdığı şeirini həmkarların nəzərinə çatdırdı.

Sonda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirildi.

Tədbir iştirakçıları Şəhidlər Xiyabanına gedərək qanlı faciə zamanı həlak olanların məzarlarını ziyarət etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: