Beton ən çox istifadə edilən tikinti materiallarından biri olsa da, bir xoşagəlməz çatışmazlığa malikdir. Vaxt ötdükcə beton quruyur, çatlayır və nəticədə güclü təzyiqin altında sına bilər.
Sinqapurun Nanyan Texnologiya Universitetinin alimləri beton materialını möhkəmləndirmək üsulunu tapıblar.
Beton adətən, sement, çınqıl, qum və suyun qarışığından hazırlanır. Sinqapur alimləri tərəfindən yaradılmış “ConFlexPave” materialı isə polimer mikrolif adlı daha bir komponentə malikdir. İnsan saçından daha nazik olan polimer mikrolif betona təzyiq zamanı yüklənməni bərabər bölüşdürməklə onu möhkəmləndirir.
“ConFlexPave” adlı materialın yaradıcıları əmin edirlər ki, yeni material metal kimi elastikdir və adi beton üçün maksimum yüklənmədən iki dəfə güclü yüklənməyə tab gətirir.
Yeni materialı zavodda hazırlamaq və sonra tikinti meydançasına çatdırmaq olar. Bu halda beton materialı daha sürətli hazırlanır.