AMEA-nın Təcrübə-Sənaye Zavodunda (TSZ) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları ilə görüş keçirilib. Görüş ölkəmizdə aparılan iqtisadi islahatlarda AMEA-nın rolunun öyrənilməsi və TSZ ilə tanışlıq məqsədi daşıyırdı.
Zavodda müxtəlif innovativ məhsulların istehsal prosesi ilə yaxından tanış olan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşlarına qiymət, keyfiyyət və rəqabət üstünlükləri, istehsal prosesinin beynəlxalq ISO sertifikatlarına tam cavab verməsi və əlverişli infrastruktur imkanları barədə ətraflı məlumat verilib. Qonaqlar, həmçinin TSZ ərazisində yerləşən sürtkü yağları, Əmtəə Parkı, AMEA Elm və Texnologiya Parkı, laboratoriyalar və qablaşdırma prosesi ilə də tanış olublar. Onlara yüksək rəqabət üstünlükləri olan AMEA-nın elektron idarəetmə sistemləri və proqram təminatı ilə hazırlanan müxtəlif innovativ layihələr təqdim olunub.
Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin müdiri, s.e.f.d. Fətəli Abdullayevlə görüşüblər. Görüşdə Akademiyanın məhsullarına tələbin formalaşdırılması, innovativ məhsulların istehsalata tətbiq edilməsi və qarşılıqlı əməkdaşlıq imkanlarının öyrənilməsi kimi bir sıra mühüm məsələlər müzakirə olunub.
Ölkə rəhbərliyinin apardığı iqtisadi islahatlara töhfə vermək və milli iqtisadiyyatın inkişafında elmin rolunu artırmaq məqsədi ilə AMEA və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.