12-13 sentyabr 2016-cı il tarixlərində Şəki şəhərində “Azərbaycan Respublikasında demoqrafik inkişaf: əhali məskunlaşmasının perspektivləri və regional problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu, Şəki Rayon İcra Hakimiyyəti və Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi ölkədə demoqrafik inkişaf problemləri, əhali məskunlaşmasının səmərəli ərazi təşkili, əhalinin milli-etnik tərkibinin formalaşması, multikulturalizm və tolerantlıq, turizm-rekresiya ehtiyatlarından istifadə və digər məsələlərdən irəli gələn problemlərin həlli yollarının işlənib hazırlanması, müzakirəsi və uyğun qərarların qəbuludur.
Konfransı giriş sözü ilə açan Şəki Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov qonaqları salamlayaraq demoqrafiya məsələlərinə həsr olunan tədbirin əhəmiyyətindən danışıb, konfransın işinə uğurlar arzulayıb.
Sonra AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov çıxış edərək gündəlikdə duran məsələlər - Azərbaycanın müasir demoqrafiq vəziyyəti, əhali məskunlaşmasında olan problemlər, onların həlli yollarının müzakirə olunacağı haqqında məlumat verib. Alim respublikamızda ilk müstəqillik illərindən başlayaraq müşahidə olunan iqtisadi dəyişikliklərin demoqrafik inkişafa da mənfi təsirini göstərdiyini bildirib: “Nəticədə təbii artım azalmış, miqrasiya intensivliyi artmış və əhalinin regional paylanmasında disproposiya xeyli güclənmişdir. Regionlarda məskunlaşma sistemində, əhalinin iş yerləri ilə təminatında, xüsusən həyat şəraitində olan çətinliklər nəticəsində miqrasiya artmış və əhalinin böyük hissəsi Abşeronda cəmləşmişdir”.
R.Məmmədov bildirib ki, ölkə Prezidenti İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş iclasda ölkədə demoqrafiq inkişafın nizamlanmasına xüsusi diqqət yetirilməsini alimlər qarşısında xüsusi vəzifə qoymuşdur. Bu da demoqrafik islahatın nizamlanması üçün onun elmi cəhətdən müzakirə olunmasını zəruri edir.
Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində əhalinin demoqrafik inkişafında və məskunlaşmasının ərazi strukturunda müəyyən irəliləyişlər olsa da, paytaxtla dağlıq və düzənlik ərazilərdə yerləşən regionlar arasında fərqlər qalmaqdadır. Əhalinin sıx məskunlaşdığı, ekoloji şəraitin gərgin olduğu Bakı-Sumqayıt sənaye qovşağına regionlardan əhali axını davam edir, dağ kəndləri boşalır, geniş meşələr təsərrüfat dövriyyəsindən çıxır. Əhalinin yüksəklik qurşaqları üzrə yerləşməsində düzənlik və dağətəyi ərazilərin payı artır, orta və yüksək dağlıq ərazilərin xüsusi çəkisi isə azalır.
Sonra AR Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev çxış edərək əhalinin demoqrafiyasında müxtəlif millətlərin multikulturalizm mühitində yaşamasının xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, Şəki-Zaqatala bölgəsində müxtəlif millətlərin yaşamasına baxmayaraq, onların hamısı üçün eyni şərait yaradıldığından əhalinin mexaniki yerdəyişməsi müşahidə edilmir. Bu sahədə 2016-cı ilin ölkə başçısı tərəfindən mültikulturalizm ili elan edilməsi təqdirəlayiqdir.
Tədbirdə çıxış edən AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, professor Yusif Şükürlü Azərbaycanda elmin inkişafı məsələlərinə toxunub. O, tədbirin məhz Şəkidə keçirilməsini regionun strateji əhəmiyyət daşıması ilə əlaqələndirərək, burada müzakirə olunan məsələlərin geniş ictimaiyyətə çatdırılmasını yüksək qiymətləndirib.
“Şəki rayonunun torpaq fondu və ərazinin milli-məkan şəraiti” mövzusunda məruzə edən Əmlak Məsələləri Dövlət Komitəsinin Xidmət rəisi, professor Ramiz Quliyev Azərbaycan torpaqlarının ərazi üzrə elektron kadastr uçotu işinin icrası barədə məlumat verib. O, Şəki rayonu üzrə torpaq bölgüsünün müxtəlif aspektlərdən – kənd-təsərrüfat torpaqlarının kəmiyyət, keyfiyyət, mülkiyyət növləri və s. üzrə təhlilini aparıb.
Sonra konfrans işini bölmə iclaslarında davam etdirib.
Konfransın birinci gününün bölmə iclasları “Şəki-Zaqatala iqtisadi rayonunun demoqrafik vəziyyəti və sosial-iqtisadi inkişaf problemləri” və “Şəki-Zaqatala iqtisadi rayonunda təbii-dağıdıcı hadisələr və onlardan mühafizə tədbirləri” mövzuları üzrə keçirilib.
İclasda “Azərbaycanda demoqrafik inkişafın regional problemləri və demoqrafik siyasət (Şəki-Zaqatala iqtisadi rayonunun timsalında)”, “Şəki inzibati rayonunda əhalinin məskunlaşması və demoqrafik inkişafın nizamlanması yolları”, “Azərbaycan regionlarının davamlı inkişafında turizm təsərrüfatının rolu və əmək ehtiyatlarının formalaşmasına təsiri”, “Şəki-Zaqatala iqtisadi rayonunda təhlükəli təbii-dağıdıcı hadisələrin təbii-təsərrüfat sisteminə təsiri” və digər mövzularda məruzələr dinlənilib, çıxışlar olub.
Konfransın ikinci gününün bölmə iclasında “Şəki-Zaqatala iqtisadi rayonunda təbii-iqtisadi və landşaft-ekoloji potensialdan səmərəli istifadə edilməsi” mövzusu üzrə müzakirələr aparılıb.
Sonra iştirakçıların sualları cavablandırılıb.
Geniş müzakirələrdən sonra konfransda səslənmiş təkliflər əsasında qərar layihəsi qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.