Oktyabrın 12-də AMEA-nın Geologiya və Geofizika İnstitutunda İsrailin Təbiət və Humanitar Elmlər Akademiyasının icraçı direktoru Meir Zadok və Veyzman İnstitutunun immunologiya fakültəsinin professoru Rut Arnon ilə görüş keçirilib.
Görüşdə institut direktorunun elmi işlər üzrə müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov təmsil etdiyi elm müəssisəsi haqqında qonaqlara ətraflı məlumat verib. Azərbaycanın geoloji tarixindən, zəngin təbii sərvətlərindən danışan alim qeyd edib ki, institutda yeni istiqamət olaraq tibbi geologiya sahəsində də tədqiqatlar aparılır və yaxın gələcəkdə iqtisadi geologiya üzrə araşdırmalara başlanılacaq.
AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, Geologiya və Geofizika İnstitutunun geodinamika və seysmologiya şöbəsinin rəhbəri, akademik Fəxrəddin Qədirov bu elm müəssisəsində plitələr tektonikası üzrə aparılan tədqiqatlar, Cənubi Qafqazın, o cümlədən Azərbaycanın geodinamik şəraiti barədə məlumat verib.
Görüşdə M.Zadok rəhbərlik etdiyi qurumun Geologiya və Geofizika İnstitutu ilə əməkdaşlıq edə biləcək təşkilatlarından və mütəxəssislərindən söz açıb.
R.Arnon qeyd edib ki, son illər İsraildə yeni neft-qaz yataqlarının aşkarlanması bu ölkədə geoloji və geofiziki tədqiqatların əhəmiyyətini artırır. Bu baxımdan ölkələrimizin qurumları arasında əməkdaşlığın inkişafı zəruridir.
Sonda qonaqlar institutun şöbə və laboratoriyaları ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.