Oktyabrın 13-də AMEA-nın Alimlər Evində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) 60 illiyinə və bu elmi təşkilatın müstəqil Azərbaycanla əməkdaşlığının 25 illiyinə həsr olunan “Azərbaycan Respublikasında BNTİ günləri” adlı tədbir keçirilir.
Tədbirdə BNTİ-yə üzv dövlətlərdən, xarici ölkələrin Azərbaycandakı səfirliklərindən və AMEA-nın elmi müəssisələrindən nümayəndələr iştirak edib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbiri açaraq iştirakçıları salamlayıb. AMEA ilə BNTİ arasında elmi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu deyən akademik Azərbaycan alimlərinin BNTİ-də fəaliyyətinin genişləndirilməsi istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. BNTİ-də səmərəli tədris infrastrukturunun mövcud olduğunu deyən AMEA rəhbəri hər iki tərəfdən olan ekspert və işçi qrupunun iştirakı ilə aparılan müsahibə və dinləmələr nəticəsində təcrübə keçmək hüququ qazanan Akademiya əməkdaşlarının BNTİ-yə ezam olunduğunu bildirib.
Akademik Akif Əlizadə elmi sahədə əməkdaşlığı inkişaf etdirmək və gələcəkdə görüləcək işlərin perspektivlərini müəyyənləşdirmək məqsədilə bundan sonra da davamlı olaraq görüşlərin keçiriləcəyini vurğulayıb.
Tədbirdə BNTİ-nin direktoru, akademik Viktor Matveyev “BNTİ-nin statusu və perspektivləri” mövzusunda təqdimatla çıxış edib. Alim institutun innovativ fəaliyyəti, həyata keçirilən layihələr və laboratoriyalarında yaradılmış müasir maddi-texniki baza haqqında danışıb. BNTİ rəhbəri institutun alimlərinin nüvə fizikası sahəsində apardıqları tədqiqatların nəticələrindən də söz açıb.
Sonra tədbir Azərbaycan Respublikası hökumətinin BNTİ-də Səlahiyyətli Nümayəndəsi, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədovun moderatorluğu ilə müzakirələrlə davam edib.
Tədbirin növbəti hissəsində BNTİ-nin Yüksək enerjilər fizikası laboratoriyasının müdiri, professor Vladimir Kekelidze “NICA layihəsi” mövzusunda məruzə ilə çıxış edib. Alim bildirib ki, NİCA BNTİ-də kvark-qlüon plazmasının öyrənilməsi məqsədilə yaradılmış kollayderdir. Bu kollayder vasitəsilə alimlər Böyük Partlayışdan (Big Bang) sonra Kainatın materiyasının xüsusi vəziyyətini tədqiq edəcəklər. Professor 6 ölkənin iştirak etdiyi bu layihədən böyük elmi nəticələr gözlənildiyini qeyd edib.
Daha sonra tədbir poster-sessiya ilə davam edib.
Tədbirdən sonra BNTİ-yə üzv ölkələrin nümayəndə heyəti AMEA-nın bəzi institutlarında olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.