AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, aqrar elmləri doktoru Zeynal Əkpərov Dünya Bankının Beynəlxalq Maliyə Korporasiyasının üzvü Darja Radiki qəbul edib. Görüşdə məqsəd Azərbaycanın dünya bazarına çıxarıla bilən bitki ehtiyatlarının seçimində alimlərlə məsləhətləşmək idi.
Z.Əkpərov Azərbaycanda bitki genetik ehtiyatlarının inkişafı, həmçinin, yüksək məhsuldarlığa və keyfiyyətə malik yeni bitki sortlarının yaradılması istiqamətində institutun təcrübəsi və tədqiqatları haqqında ətraflı məlumat verib. O, ölkəmizin yüksək potensiala malik, export dəyəri olan və daşınmaya davamlı bitki məhsulları barədə qonağa öz tövsiyyələrini verib.
Görüşdə yüksək məhsuldarlığı ilə fərqlənən meyvə və tərəvəzlərlə bağlı müzakirələr aparılıb. Siyahıya daxil ediləcək ilk bitki çoxsaylı faydalı əlamətləri ilə seçilən, məhsulu uzun müddət saxlanıla bilən nar bitkisi nəzərdə tutulub.
Qeyd edək ki, Dünya Bankının siyahısında yer alan bitkilər iki meyar üzrə müəyyənləşdirilir, bitkinin indiki, keçmiş, gələcək potensial göstəriciləri və investisiya qoyuluşunun səviyyəsi əsas götürülür.
Görüşdə institutun “Meyvə bitkiləri” şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoruDilşad Bayramova və “Subtropik bitkilər” laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Mirzə Musayev də iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.