Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.11.2016 17:27
  • A-
  • A
  • A+

İkinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsi başlanıb

İkinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsi başlanıb

İkinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsinin iştirakçıları Naxçıvan Muxtar Respublikasında toplaşıblar.

Öncə qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov muxtar respublikada keçirilən ikinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsinin iştirakçılarını və qonaqları salamlayıb, festivalın işinə uğurlar arzulayıb.

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Azərbaycanda elmin inkişafının daim dövlətimizin diqqət mərkəzində olduğunu qeyd edərək elmin inkişafının ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə sıx əlaqədar olduğunu diqqətə çatdırıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Respublikasının elm siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini qeyd edib.

Respublikamızda artıq ikinci dəfədir ki, elm festivalının keçirildiyini vurğulayan alim bildirib ki, tədbirin əsas məqsədi Azərbaycan elminin bügünkü nailiyyətlərini geniş ictimaiyyətə çatdırmaq, müasir elmi bilikləri təbliğ etmək, həmçinin gənclərdə elmi tədqiqat işlərinə marağı daha da artırmaqdan ibarətdir: “Bu festival ictimaiyyəti elm və texnika sahəsində əldə olunmuş yeniliklərlə tanış edilməsi, elm və cəmiyyət arasında dialoqun yaradılması baxımından böyük əhəmiyyətə malikdir”.

O, Azərbaycan Respublikasında uğurla həyata keçirilən elm siyasətinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri tərəfindən ən yüksək səviyyədə dəstəkləndiyini, elm adamlarına yüksək qayğı və diqqət göstərildiyini xüsusi qeyd edib. Bildirib ki, son illərdə muxtar respublikada elmi mühit formalaşmış, elmdə kəmiyyət və keyfiyyət artımı özünü əyani şəkildə göstərmişdir.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək ölkəmizdə belə bir tədbirin nöbvbəti dəfə keçirilməsini yüksək qiymətləndirib. Qeyd edib ki, Festivalda müzakirə olunan məsələlər Azərbaycan elminin gələcək inkişafına xidmət etməklə yanaşı, həm də yeni prioritet istiqamətlərin müəyyənləşməsinə təkan verəcək. 

Akademik İsa Həbibbəyli Azərbaycan elminin bugünkü nailiyyətlərindən söz açaraq festivalın ölkə alimlərinin fəaliyyətinin daha səmərəli təşkili, beynəlxalq aləmə interasiyası və yeni-yeni uğurların əldə edilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib. Respublikamızda elmin cəmiyyətdə rolu və mövqeyinin günü-gündən artdığını diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, Botanika İnstitutunun  direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, AMEA-nın Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva və digər alimlər çıxış edərək Festivalın Azərbaycan elminin müasir vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi, o cümlədən təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. 

Tədbirdə “Azərbaycanın elm məbədi” adlı sənədli film nümayiş etdirilib.

Sonda Naxçıvan Dövlət Filarmoniyasının konsert proqramı olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: