II Azərbaycan Elm Festivalı çərçivəsində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında mühazirələr dinlənilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından, alimlər üçün yaradılan şəraitdən, gənc mütəxəssislər tərəfindən həyata keçirilən elmi tədqiqatlardan danışıb. Ölkəmizdə artıq ikinci dəfədir ki, elm festivalının keçirildiyini vurğulayan professor S.Əliyev bildirib ki, bu dəfəki tədbir miqyasına və məzmununa görə fərqlənir.
Prorektor qeyd edib ki, Azərbaycan elminin bugünkü nailiyyətlərinin dünyada tanıdılması baxımından Elm Festvalının xüsusi əhəmiyyəti var. Festivalda akademiyanın bütün elmi müəssisə və təşkilatları, bir sıra ali və orta təhsil müəssisələri ilə yanaşı, ATU-nun nümayəndələri də fəal iştirak edirlər.
Daha sonra ATU-nun və digər ali təhsil müəssisələrinin təmsilçilərinin müxtəlif mövzulara dair mühazirələri dinlənilib.
Tədbirdə “Hemotologiya və onkologiyada adaptiv (qazanılmış) T-hüceyrəli immunoterapiya”, “Diş-çənə anomaliyalarının müalicəsi və onların ağırlaşmalarının profilaktikası təcrübəsində aşağı tezlikli ultrasəsin tətbiqinin məqsədəuyğunluğu barəsində”, “Uşaq serebral iflicinin perinatal risk faktorları”, “Bioloji fəal maddələrin alınması və tibbdə istifadəsi üçün tətbiqi”, “Fraktallar nəzəriyyəsi və onun tətbiqi”, “Biotibbi tədqiqatlarda müasir fiziki-kimyəvi metodların tətbiqi”, “Bitki virusları-təhlükəli infeksion xəstəliklərin mənbəyi kimi” və digər mövzulardakı məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Məruzələr ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.