AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda “Regionlarda dil situasiyası: İsmayıllı” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələr, görülən işlər və aparılan monitorinqlərin nəticələri müzakirə olunub.
İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxışında mövzunun aktuallığını qeyd edərək, bununla bağlı İsmayıllı rayonunda görülən işlər barədə məlumat verib.
Tədbirdə Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva “Dövlət Proqramının icra mexanizminin başlıca istiqamətləri”, şöbənin aparıcı elmi işçiləri Şahlar Məmmədov “Mətbuatda dil problemləri”, Nəzakət Qaziyeva “Qloballaşma dövründə dövlətin dil siyasəti”, Rasim Heydərov “Reklamların dil mənzərəsi” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə Dövlət Proqramında qarşıya qoyulan vəzifələr, dilimizin qorunması və inkişafı istiqamətində Prezident İlham Əliyevin tapşırığına əsasən görülən işlər və mövcud problemlərdən söz açılıb.
Tədbirdə o da qeyd olunub ki, bu gün Azərbaycan ədəbi dilinin imkanlarından lazımınca və düzgün istifadə edilmir, nəticədə dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına zərər vuran yad ünsürlər meydana gəlir. Aparılan monitorinqlər zamanı bəzən küçə və meydanlardakı reklam və afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulduğu da müəyyən edilir.
Bildirilib ki, institutun Monitorinq şöbəsi paytaxtda və bölgələrdə Azərbaycan dilinin tətbiqi prosesini izləyir, nöqsanları müəyyən edir, bu barədə müvafiq dövlət qurumlarına hesabat təqdim edir.
Bu gün dil normalarının pozulmasının qarşısının alınması, idarəçilikdə və kargüzarlıqda ədəbi dilin düzgün tətbiq edilməsi, əhali arasında nitq mədəniyyətinin yüksəldilməsi və sair kimi məsələlərin gündəmdə durduğunu bildirən çıxışçılar, Dilçilik İnstitutunun, o cümlədən Monitorinq şöbəsinin bu sahədə gördüyü işlərin xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.
“Dəyirmi masa”da ədəbi normalara əməl olunmasının zəruriliyi qeyd edilib, normativ hüquqi bazanın təkmilləşdirilməsi, Azərbaycan dilinin tədrisinin və tətbiqinin genişləndirilməsi, dilimizin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və kütləvi informasiya vasitələrində təbliğinin vacibliyi vurğulanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.