Bu gün AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “İlhamlı Azərbaycan, inamlı Azərbaycan” adlı sərgi təşkil olundu.
Azərbaycan Respublikasının bu günədək keçdiyi inkişaf yoluna həsr olunan sərgidə son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar, qazandığı nailiyyətlər, böyük quruculuq işləri, elmin və mədəniyyətin inkişafına verilmiş töhfələrdən ibarət materiallar nümayiş etdirildi.
Sərgi çərçivəsində muzey əməkdaşları və tanınmış elm, mədəniyyət xadimlərinin iştirakı ilə görüş keçirildi. Muzeyin direktoru, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynov son 10 ildə Azərbaycanın sürətlə inkişaf etdiyini, dünyanın nüfuzlu ölkələrindən birinə çevrildiyini qeyd etdi. Alim ölkəmizdə həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan uğurlardan, dövlət başçısı tərəfindən qəbul olunmuş ölkənin sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramlarının əhəmiyyətindən söz açdı. O bildirdi ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq AR Prezidenti cənab İlham Əliyev hazırda elm, təhsil və mədəniyyət sahəsinə qayğını ardıcıl davam etdirərək, bu sahələrdə mühüm qərarlar qəbul etmişdir.
Ölkədə bütün sahələrdə olduğu kimi, muzey işinin təşkilinin də keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayan R.Hüseynov muzeydə aparılmış əsaslı təmir və yenidənqurma işlərinin ölkə başçısı cənab İ.Əliyevin diqqət və qayğısının nəticəsi olduğunu bildirdi: “Ölkəmiz həyatın bütün sahələrində – ən əsası iqtisadiyyatda, daxili və xarici siyasətdə yüksək göstəricilər əldə etmişdir. Şübhəsiz ki, ölkəmizin iqtisadi potensialı artıqca, digər sahələr də dirçəlir, inkişaf mərhələsinə qədəm qoyur”.
Sonda muzeyin əməkdaşları qarşıdan gələn 9 oktyabr Prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.