Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.11.2016 16:01
  • A-
  • A
  • A+

Azərbaycan və Belarus arasında elmi-texniki əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclası keçirilib

Azərbaycan və Belarus arasında elmi-texniki əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclası keçirilib

AMEA Rəyasət Heyətində Azərbaycan və Belarus arasında elmi-texniki əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclası keçirilib. İclasda tərəflər arasında innovasiya sahəsində əməkdaşlığın inkişaf mexanizmləri və perspektivləri müzakirə olunub.

Tədbirdə Azərbaycan tərəfdən İşçi Qrupun sədri, AMEA-nın prezidenti, akademik Akif Əlizadə Akademiyanın elmi müəssisələrində maddi-texniki bazanın gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. AMEA ilə Belarusun elmi mərkəzləri arasında elmi-tədqiqat və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsinin, eləcə də müştərək layihə və inkişaf proqramlarının həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

İclasda akademik Akif Əlizadə ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının (“YT Park”) yaradılması haqqında Sərəncamını xatırladıb. Bildirib ki, yerli və xarici elmi tədqiqat və ali təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi, elmi-texniki və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından bu kimi müasir komplekslər olduqca əhəmiyyətlidir.

Sonra İşçi Qrupun Belarus tərəfdən rəhbəri, Belarus Respublikasının Dövlət Elm və Texnika Komitəsi sədrinin birinci müavini Andrey Kosovskiy ölkələrimiz arasında elm və təhsil sahəsində əlaqələrin inkişafından söz açıb. A.Kosovskiy Belarus Respublikasının innovativ infrastrukturuna dair təqdimatla çıxış edib.

Görüşdə, həmçinin fundamental tədqiqatlar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan və Belarus arasında birgə innovativ layihələr müsabiqəsinin elan edilməsi ilə bağlı müzakirələr aparılıb, rəy və təkliflər irəli sürülüb.

Daha sonra iclas AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin sədrliyi ilə  davam edib.

Sonda tərəflər arasında elmi-texniki əməkdaşlığa dair protokol imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: