Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.11.2016 17:41
  • A-
  • A
  • A+

Yer qabığında yüksək dəqiq temperatur müşahidələrinin elmi nəticələri və tətbiqi aspektləri araşdırılıb

Yer qabığında yüksək dəqiq temperatur müşahidələrinin elmi nəticələri və tətbiqi aspektləri araşdırılıb

17 noyabr 2016-cı il tarixdə AMEA Rəyasət Heyətində Akademiyanın Yer Elmləri Bölməsinin (YEB) növbəti iclası keçirildi.

Tədbiri giriş sözü ilə YEB-in akademik-katibi, akademik Fəxrəddin Qədirov açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi. İclasın bölmənin elmi fəaliyyəti, struktur dəyişiklikləri, qarşıda duran vəzifələr, o cümlədən bir sıra kadr və cari məsələlərin müzakirəsinə həsr oldunuğunu diqqətə çatdırdı.

Alim AR Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış AMEA Yüksək Texnologiyalar Parkının ümumilikdə Akademiya, o cümlədən YEB-in fəaliyyətinin daha səmərəli təşkili üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Bildirdi ki, Sərəncamın qəbul edilməsi YEB-də müəyyən investisiya proqramlarının və innovativ layihələrin həyata keçirilməsinə geniş imkanlar yaradacaq.

Sonra AMEA Geologiya və Geofizika İnstitutunun Geotermiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Abdulvahab Muxtarov “Yer qabığında yüksək dəqiq temperatur müşahidələrinin elmi nəticələri və tətbiqi aspektləri” mövzusunda məruzəsini təqdim etdi. Bildirdi ki, Azərbaycan ərazisində ilk temperatur ölçmələri 1870-ci illərdə başlamış, 1900-cü illərdən isə neft sənayesinin inkişafı ilə əlaqədar inkişaf etməyə başlamışdır. O, son dövrlərə qədər Azərbaycan ərazisində geoloji-geofiziki tədqiqatlar zamanı temperatur ölçmələrinin dəqiqliyinin 0.1-0.5°C-dən yüksək olmadığını qeyd etdi. Vurğuladı ki, yalnız 1970-ci illərdən sonra Elmlər Akademiyasının Geologiya İnstitutunun Geotermiya laboratoriyası və Moskva Yer Fizikası institutunun Geotermiya laboratoriyasının ekspedisiyaları bir neçə quyuda yüksək dəqiqlikli (termometrin həssalığı 0.001°C, dəqiqliyi isə 0.01°C-ə çatan) temperatur ölçmələri aparmışlar. Belə dəqiq ölçmələrin mümkünlüyü geotermiya sahəsində böyük irəliləyişə səbəb olmuş və bir sıra yeni məsələlərin həllinə yol açmışdır.

Alim geotermik üsulla paleoiqlim tədqiqatları aparılarkən ölçmə dəqiqliyindən başqa geoloji şərait, quyunun konstruksiyası, temperaturun ölçülmə intervalları və s. amillər üçün də xüsusi tələblərin qoyulduğunu, bunun da geotermik üsulun tətbiqinin müəyyən qədər məhdudlaşdırılmasına gətirib çıxardığını dedi: “Odur ki, bu üsulun dünyada geniş yayılmasına baxmayaraq Qafqazda yalnız Azərbaycanda üç quyuda paleoiqlim tədqiqatları aparılmışdır. Aşkar edilmişdir ki, 1870-1970-ci illəri əhatə edən yüz il ərzində burada orta illik iqlim temperaturları təxminən 1-2°C artmışdır”.

Sonra AMEA Geologiya və Geofizika İnstitutunun strukturunda dəyişikliklər haqqında müzakirələr aparıldı. İnstitutda İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılması və Petrofizika şöbəsinin adının dəyişdirələrək Eksperimental petrofizika adlandırılması haqqında qərar verildi.

İclasda, həmçinin AMEA-nın Gəncə Bölməsində “Yer Elmləri” qrupunun təşkil edilməsi, AR Prezidentinin Gənclər üçün Prezident Mukafatına namizədlərin seçilməsi, Təbiət Tarixi Muzeyinin  AMEA Geologiya və Geofizika İnstitunun tərkibindən ayrılaraq sərbəst fəaliyyət göstərməsi və s. kimi məsələlərə dair geniş fikir mübadiləsi aparıldı, bir sıra rəy və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: