Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

24.11.2016 16:59
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadə AMEA-nın doktorant və magistrantları ilə görüşüb

Akademik Akif Əlizadə AMEA-nın doktorant və magistrantları ilə görüşüb

Bu gün AMEA Təcrübə-Sənaye Zavodunda (TSZ) AMEA-nın prezidenti, akademik Akif Əlizadə doktorant və magistrantlarla görüşüb.

Öncə gənc alimlər TSZ-nin əsas fəaliyyət istiqamətləri, burada görülən işlər və həyata keçirilən innovativ layihələrlə tanış olublar.

Sonra akademik Akif Əlizadə doktorant və magistrantları salamlayaraq onlarla görüşməkdən məmnun olduğunu bildirib, gənclərlə mütəmadi olaraq müzakirələrin aparılmasının əhəmiyyətini vurğulayıb. Ölkə Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixdə imzaladığı “AMEA Yüksək Texnologiyalar Parkının (YTP) yaradılması haqqında” Sərəncamı xatırladan alim qeyd edib ki, texnologiyalar parkının məkanı AMEA TSZ-nın ərazisidir.

“Bu sahə Azərbaycanın silikon vadisinə çevriləcək” – deyə bildirən alim  elmin müxtəlif sahələrində araşdırmalar aparan gəncləri YTP-nın istismarı prosesində fəal iştirak etməyə səsləyib. Akademik A.Əlizadə doktorant və magistrantların Azərbaycan elminin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

AMEA rəhbəri Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısından da söz açıb. Qeyd edib ki, ölkə başçısı gənclərin Azərbaycan elminin inkişafında rolunun artırılması və bu sahəyə cəlb edilməsi yönündə mühüm addımlar atır ki, bu da gəncləri öz fəaliyyətlərində daha da məsuliyyətli olmağa, prioritet elmi istiqamətlərdə tədqiqatlar aparmağa vadar edir.

Alim Azərbaycanda neft-kimya sahəsində elmi araşdırmaların genişləndirilməsinin vacibliyini qeyd edərək gəncləri bu sahədə tədqiqatlar aparmağa və beynəlxalq təcrübəyə yiyələnməyə çağırıb.

Sonra AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev çıxış edərək zavodun yaranma tarixi və əsas fəaliyyətindən söz açıb. Bildirib ki, TSZ-da müasir dövrdə burada istehsal olunan məhsulların dünya bazarlarına çıxarılması üçün konkret addımlar atılır. Bir sıra yerli və xarici müəssisə və təşkilatlarla müqavilələr imzalanır. 

AMEA-da Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Sərəncamın əhəmiyyətini önə çəkən F.Abdullayev YTP-nın ölkəmizdə ilk elmtutumlu texnopark olacağını diqqətə çatdırıb.

Sonra AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin baş mütəxəssisi Samir Vəliyev YTP və innovasiya ilə bağlı məruzə edib. S.Vəliyev YTP-nın xüsusiyyətləri və üstünlüklərindən, burada gənclər üçün yaradılacaq yeni imkanlardan söhbət açıb. Elmin kommersiyalaşdırılması sahəsində mühüm nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edən məruzəçi gənc alim və mütəxəssislərin bu prosesdə fəal iştirakının zəruriliyini önə çəkib. Həmçinin innovativ ideya və təkliflərin qəbul edilməsi və qiymətləndirilməsi barədə qısa məlumat verib.

Tədbirdə zavodun Gənc alim və mütəxəssislər şurasının sədri Süleyman Süleymanov çıxış edərək vurğulayıb ki, AMEA-da YTP-nın yaradılması ilə bağlı Sərəncam yüksək texnologiyaların inkişafı ilə yanaşı, həm də gənc alim və mütəxəssislərin potensial imkanlarının reallaşdırılmasında mühüm rol oynayacaq. O, zavodda həyata keçirilən tədbirlər, innovativ işlər və  qurumun beynəlxalq əlaqələri barədə də məlumat verib.                       

İclasda, həmçinin TZS-nın əməkdaşları Samir Süleymanov və Ayaz Məmmədli müəllifi olduqları layihələr haqqında təqdimatlarla çıxış ediblər.

Sonda gənc doktorant və magistrantlarla birgə geniş fikir mübadiləsi aparılıb, gənc alimlər akademik Akif Əlizadəyə belə bir görüşün təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: