Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.12.2016 16:36
  • A-
  • A
  • A+

AMEA-da narkotik asılılığın aradan qaldırılmasının yeni üsulu öyrənilib

AMEA-da narkotik asılılığın aradan qaldırılmasının yeni üsulu öyrənilib

Dekabrın 7-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun İnteqrativ fəaliyyətin molekulyar əsasları laboratoriyasının rəhbəri, biologiya üzrə elmlər doktoru Arif-Ala Mehdiyev "Narkotik asılılığın korreksiyasının yeni immunokimyəvi üsulu" mövzusunda elmi məruzə ilə çıxış edib.

Məruzəçi bildirib ki, narkotik asılılıq dünyada müxtəlif əhali qrupları arasında geniş yayıldığına görə tibbi problemdən sosial problemə çevrilib. Alimin sözlərinə görə, narkotik asılılıq insanın mənəvi aləmini tükəndirərək, onu sosial baxımdan təhlükəli şəxsiyyətə çevirir.

Natiq vurğulayıb ki, aparılmış tədqiqatlar zamanı narkotikdən asılılığı olan heyvanlara müəyyən preparatların təsiri nəticəsində baş beyin strukturlarında serotoninin miqdarının kəskin artdığı müşahidə olunub: "Narkotik preparatların qəbulundan sonra baş beyin qabığı hüceyrələri güclü müsbət emosiyaların yaranmasında iştirak edir. AMEA-nın Fiziologiya İnstitutunda hüceyrələrin daxilinə serotonin siqnalının ötürülməsinin blokadası üsulu öyrənilib. İnstitut əməkdaşları poliklonal anticisimlərin köməyi ilə serotonin-modullu antikonsolidasiya zülalına (SMAZ) qarşı seçici blokada tətbiq ediblər. Aşkar olunmuş bu zülal, serotoninin miqdarı ilə düz mütanasib əlaqədə olub, serotonin siqnalının hüceyrədaxili ötürülməsini təmin edir. SMAZ-ın baş beynin yan mədəciyinə yeridilməsindən sonra şərti reflektor modellərdə yaddaş izlərinin formalaşması pozulur".

A.Mehdiyev morfin yeridilən təcrübə siçovullarında daxili mühiti idarə edən baş beynin qurşaq qırışığında SMAZ-ın miqdarının kəskin artdığını diqqətə çatdırıb. Qeyd edib ki, SMAZ-a qarşı poliklonal anticisimləri morfindən asılılığı olan heyvanların qarın boşluğuna yeritdikdə, morfin sərfi kəskin surətdə aşağı düşür. Həmin effektin 8 gün ərzində müşahidə olunduğunu deyən alim bu metodun heyvanların davranışına mənfi təsir göstərmədiyini vurğulayıb. Məruzəçi SMAZ-ın narkotik asılılığın psixi tərkib hissəsinin formalaşmasında iştirak etdiyini və anticisim vasitəsilə aradan götürüldüyünü qeyd edib.

A.Mehdiyev alınmış nəticələrə əsasən, gələcəkdə müxtəlif mənşəli narkotik maddələr vasitəsilə yaranan narkotik asılılığın korreksiyası məqsədilə SMAZ-ın immunokimyəvi blokadasını kliniki şəraitdə tətbiq etməyin mümkün ola biləcəyini deyib. Laboratoriya rəhbəri bu istiqamətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi və digər tibb müəssisələri ilə birgə tədqiqatlar aparılmasının məqsədəuyğun olduğunu vurğulayıb.

Məruzə dinlənildikdən sonra müzakirə edilib. Fizi­o­logiya İnstitutuna narkotik asılılığın korreksiyasının yeni üsulunun işlənməsi üzrə aparılan tədqiqatları genişləndirmək tövsiyə olunub.  Zəruri elmi nəticələrin əldə olunması üçün maddi-texniki bazanın gücləndirilməsi, həmçinin Səhiyyə Nazirliyi ilə birgə elmi tədqiqatların aparılmasının məqsədəuyğunluğu ifadə olunub.

Rəyasət Heyətinin digər qərarı ilə Mənzil məsələsi üzrə Komissiya yaradılıb. İclasda Komissiyanın tərkibi təsdiq edilib.

İclasda bir sıra elmi-təşkilati məsələlərə də baxılıb. AMEA-nın İqtisadiyyat və Folklor institutlarında direktor vəzifəsinə seçkilərin keçirilməsi, akademik Bahadur Zeynalovun 100, AMEA-nın müxbir üzvü Xudu Məmmədovun isə 90 illik yubileylərinin qeyd olunması, Nizami adına Ədəbiyyat və Memarlıq və İncəsənət institutlarının strukturunda dəyişiklik edilməsi haqqında qərar qəbul edib. Digər qərarlarla, Məhəmməd Füzuli adına Əlyazmalar, Nəsimi adına Dilçilik, Nizami adına Ədəbiyyat, Folklor, Memarlıq və İncəsənət institutlarının strukturunda İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Sonda kadr məsələlərinə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: