Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.12.2016 17:18
  • A-
  • A
  • A+

Biologiya və tibb elmləri üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri müzakirə edilib

Biologiya və tibb elmləri üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri müzakirə edilib

Dekabrın 14-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov “Biologiya və tibb elmləri üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.

Akademik bölmənin elmi müəssisələri tərəfindən yerinə yetirilən elmi və elmi-təşkilati işlər haqqında geniş məlumat verib. Alim Azərbaycanda biologiya və tibb elmlərinin təşəkkülü və inkişafında tanınmış akademiklər A.Qrossqeym, V.Volobuyev, C.Əliyev, M.Topçubaşov, İ.Mustafayev, Ş.Tağıyev, A.Qarayev, M.Abutalıbov, M.Musayev və başqaları tərəfindən nəzərəçarpacaq işlərin görüldüyünü, bir çox tədqiqat müəssisələri və müxtəlif sahələrdə elmi məktəblər yaradıldığını, yeni elm sahələrinin əsasının qoyulduğunu deyib. Ötən müddət ərzində bölmənin tərkibinə daxil olan institutlar və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi müəssisələrin birgə tədqiqat işləri apardığını, AMEA-nın elmi-təşkilati fəaliyyətində innovativ ideyaların tətbiqi, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb.

İclasda bildirilib ki, Azərbaycanda biologiya və tibb elmlərinin müxtəlif sahələrində, o cümlədən məhsuldarlıq proseslərinin fizioloji, biofiziki və genetik əsasları; stress amillərə davamlılığın molekulyar mexanizmləri; biomüxtəlifliyin tədqiqi, mühafizəsi və səmərəli istifadəsi; mikroorqanizmlərin ekologiyası, biokimyası; torpaq ekologiyası, təsnifatı, torpaqəmələgəlmənin energetikası; onurğalılarda beyinin analitik-sintetik fəaliyyəti; insanda dayaq‐hərəkət aparatı, yumşaq toxumaların və bəzi daxili orqanların bədxassəli şişlərinin diaqnostikası, profilaktikası və kompleks müalicə üsulları istiqamətlərində tədqiqatlar aparılıb, bir çox mühüm elmi nailiyyətlər əldə edilib.

Akademik-katib ötən tarixi dövr ərzində bitki örtüyünün, heyvanlar aləminin öyrənilməsi, genetika, seleksiya, molekulyar biologiya və biotexnologiyalar, fiziologiya, mikrobiologiya, torpaqşünaslıq, aqrokimya və tibb sahələrində müxtəlif istiqamətlər üzrə əldə edilmiş elmi nəticələr və bölmənin beynəlxalq elmi əməkdaşlıq əlaqələri haqqında təqdimatla çıxış edib.

Natiq onu da bildirib ki, XX əsrin çağırışlarını, Prezident İlham Əliyevin elm qarşısında qoyduğu prioritetləri rəhbər tutmaqla, yaxın illərdə Azərbaycanda biologiya və tibb elmləri sahəsində biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının ən müasir texnologiyalarla öyrənilməsi, yeni molekulyar və hüceyrə biotexnologiyalarının fundamental əsaslarının hazırlanması və tətbiqi, bitki ekspressiya sistemlərindən istifadə etməklə əczaçılıq məhsullarının alınma texnologiyasının yaradılması və dərman preparatlarının hazırlanması, bitkilərdə bütöv genom və ekzomun oxunması, molekulyar və genom seleksiyasının imkanlarından istifadə etməklə yeni bitki sortlarının yaradılması, insan genetikası və genomikası, irsi xəstəliklərin prenatal və neonatal təyini, kök hüceyrə texnologiyaları, uzunömürlülüyün və neyrodegenerativ xəstəliklərin fizioloji və molekulyar-genetik tədqiqi, müasir texnologiyalardan istifadə yolu ilə yeni müalicə üsullarının araşdırılması və digər istiqamətlərdə tədqiqatlar aparılacaq.

Məruzəçi ölkə başçısı tərəfindən təsdiq edilmiş dövlət proqramları çərçivəsində, o cümlədən Rəyasət Heyətinin qərarları ilə keçirilən respublika və beynəlxalq səviyyəli tədbirlər haqqında da ətraflı məlumat verib.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub. Qeyd olunan perspektiv istiqamətlər Biologiya və Tibb Elmləri Bölməsinin gələcək fəaliyyəti üçün əsas kimi qəbul edilib. Bundan başqa bölməyə daxil olan müəssisələrin elmi fəaliyyətinin səmərəliyini yüksəltmək üçün ortaq mültidissiplinar proqram və layihələrin hazırlanması, elmi tədqiqatların əlaqələndirilməsi və inteqrasiyasının təmin edilməsi, həmçinin perspektiv istiqamətlərdə magistratura və doktorantura üzrə kadr hazırlığının aparılmasına dair tapşırıqlar verilib.

Tədbirdə, həmçinin AMEA-nın Geologiya və Geofizika İnstitutunda seysmologiya və seysmik təhlükə, mühəndis geofizikası şöbələrinin yaradılması barədə də qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: