Məlum olduğu kimi, dekabrın 19-da AMEA-nın və MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) birgə təşkilatçılığı ilə “Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq elmi seminar işə başlayıb.
Dekabrın 20-də seminar çərçivəsində “Multikulturalizm: reallıqlar və meyillər” kitabının təqdimatı olub.
Rusiya Elmlər Akademiyasının A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonski və AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin moderatorluğu ilə keçirilən tədbirdə kitabın məziyyətindən danışılıb. Bildirilib ki, yeni nəşr AMEA-nın Ədəbiyyat İnstitutu və Moskva Dövlət Pedaqoji Universitetinin (MDPU) Stavropol filialı tərəfindən hazırlanıb.
Tədbirdə akademik İ.Həbibbəyli qeyd edib ki, kitabda ədəbiyyatımıza multikultural dəyərlər istiqamətindən olan baxış onun əzəmətini müəyyənləşdirən təməl meyarlarından biri kimi özünü göstərir. İctimaiyyətə təqdim olunan yeni nəşr əməkdaşlıq çərçivəsində ərsəyə gələn dördüncü kitabdır.
AMEA-nın vitse-prezidenti iki qurum arasında birgə layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
MDPU-nun Stavropol filialının direktor müavini Liliya Qriqorova 2014-cu ildə AMEA ilə bu filial arasında əməkdaşlıq haqqında sənədin imzalandığını xatırladıb. Bildirib ki, həmin sənəd birgə əlaqələrin inkişafına sanballı töhfələrini verir.
Digər çıxış edənlər də ölkələrarası elmi əməkdaşlığın əhəmiyyətini qeyd edib, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.