Dekabrın 27-də AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elmi-Texniki Şurasının iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Tədbirdə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli 2016-cı ildə mərkəzdə aparılmış elmi və elmi-istehsalat işlərinə dair illik hesabatı təqdim edib. Direktor bildirib ki, hesabat dövründə RSXM-də elmi təqdiqatlar: seysmoloji, maqnitometrik, qravimetrik, geodinamik, geokimyəvi olmaqla beş istiqaməti əhatə edib.
Bildirib ki, 2016-cı il ərzində RSXM-nin respublika ərazisində olan 42 seysmik stansiyasında (35 daimi və 7 stasionar) 9905 zəlzələ qeydə alınmışdır. Azərbaycan və ona bitişik ərazilərdə 7866, respublika ərazisində 4365, dünyada 2039 zəlzələlər RSXM tərəfindən emal edilib. Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan 91 zəlzələ olub. Onlardan 18-i hiss olunub. İl ərzində respublika ərazisində baş verən ən güclü zəlzələ isə 1 avqust 2016-cı il tarixində İmişli ərazisində baş verən və maqnitudası 5.6 olan İmişli zəlzələsi olmuşdur. 2014-2016-cı illərdə Xəzərdə seysmik baxımdan aktivliyin artmasının müşahidə olunduğunu bildirən Q.Yetirmişli neft-qaz yataqları ətrafında baş verən hadisələr və neft hasilatında olan azalmalara seysmikliyin təsirləri haqqında da danışıb. Baş direktor çıxışında hesabat ili ərzində RSXM-də geofiziki, geokimyəvi, geodonamik tədqiqatlar aparıldığını da diqqətə çatdırıb.
Naxçıvanda məlumatların emalı və ötürülməsi üçün seysmoloji mərkəzin yaradıldığını bildirən Q.Yetirmişli burada müvafiq seysmik məlumatların real zaman rejimində qəbuluna, emalına və analizinə imkan verən avadanlıqların işləməsi üçün proqram təminatlarının instalyasiya olunduğunu diqqətə çatdırıb.
Bildirib ki, cari ildə RSXM-nin elmi nəşri olan “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi qeydiyyatından keçmiş, beynəlxalq İSSN sertifikatı almışdır.
RSXM-nin baş direktoru xarici ölkələr və beynəlxalq seysmoloji təşkilatlarla əməkdaşlıq məsələlərindən də bəhs edib.
Q.Yetirmişli diqqətə çatıdırıb ki, il ərzində mərkəzinin əməkdaşlarının 16 elmi məqaləsi (o cümlədən 11 xaricdə), 29 tezis yerli jurnallarda çap olunub. Elmi işçilərin əsərlərinə “Google Akademiya”da 31 dəfə istinad olunub.
Hesabatda bildirilib ki, 2016-cı ildə RSXM-nin əməkdaşları 1 qrant elmi-tədqiqat proqramında iştirak ediblər. Mərkəzdə 2016-cı ildə 2 mühüm nəticə əldə edilib. Belə ki, ilk dəfə olaraq zəlzələ ocaqları mexanizmlərinə görə Azərbaycan ərazisinin ayrı-ayrı aktiv zonalarının gərginlik vəziyyəti tərtib olunub. Həmçinin zəlzələ ocağında gedən geodinamik proseslər süxurların qalıq maqnitləşməsinin müxtəlif işarəli artımları zəlzələ ocağı mexanizmini maqnit məlumatları əsasında qiymətləndirməyə imkan verir.
Təqdim olunan hesabatı və RSXM-də görülən işləri müsbət qiymətləndirən akademik Pərviz Məmmədov mərkəzin qarşısında qoyduğu vəzifələri layiqli şəkildə yerinə yetirdiyini bildirərək, gənc kadrların elmi istiqamətə yönəldilməsinin vacibliyinə toxunub.
Daha sonra çıxış edən əməkdaşlar hesabatla bağlı fikirlərini bölüşüblər.
Sonda bir sıra cari məsələlərə də baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.