Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.01.2017 17:39
  • A-
  • A
  • A+

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün informasiya sistemləri yaradılacaq

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün informasiya sistemləri yaradılacaq

Yanvarın 18-də AMEA-nın Rəyasət Heyətinin iclasında Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün informasiya sistemlərinin yaradılması məsələsi müzakirə olunub.

İclasda AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək müasir texnologiyalar əsasında elmin informasiya təminatının formalaşdırılması, inkişaf etdirilməsi, elmmetrik texnologiyaların köməyi ilə elmi fəaliyyətin təşkili və idarə olunmasının elmin mühüm istiqamətlərindən olduğunu bildirib. Akademik qeyd edib ki, son illər AMEA-da bu sahədə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir: “Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası və onun nəzdində fəaliyyət göstərən Elmi problemlər üzrə elmi şuralarda bu baxımdan mühüm işlər aparılır. Elmi tədqiqatların əlaqələndirilməsi, fundamental və tətbiqi tədqiqatların səmərəliliyinin artırılması, innovasiya fəaliyyətinin gücləndirilməsi məqsədilə onların fəaliyyətləri daima təkmilləşdirilir və inkişaf etdirilir. Respublikanın elmi qurumlarında aparılan tədqiqatların təşkili və idarə olunmasında pərakəndəlik və müasir texnologiyaların imkanlarından geniş istifadə olunmaması elmin idarə edilməsində ciddi problemlər yaradır”.

Akademik Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının fəaliyyətinə dəstək kimi ölkə üzrə elmi problemlərin və dissertasiya mövzularının reyestrlərinin (informasiya sistemlərinin) yaradılması zərurətinin meydana çıxdığını vurğulayıb. AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə artıq Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının və Elmi problemlər üzrə elmi şuraların veb-saytlarının yaradıldığını qeyd edən akademik Rasim Əliquliyev bu resurslarda müntəzəm olaraq öz əksini tapan məlumatların analizinin elmin idarə olunması məsələlərinin həllinə dəstək verəcəyini bildirib.

Akademik elmi problemlər və dissertasiya mövzuları haqqında məlumatların uyğun olaraq “Elmi problemlər reyestri” və “Dissertasiya mövzuları reyestri” informasiya sistemlərində saxlanmasının respublikada elmi-tədqiqatların təşkili, əlaqələndirilməsi, idarə olunması, monitorinqi və qiymətləndirilməsi, büdcə vəsaitlərinin təyinatlı və səmərəli istifadə edilməsi, təkrarçılığın aşkarlanması və aradan qaldırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib. Vurğulayıb ki, informasiya sistemlərinin verilənlər bazalarının AMEA-nın DATA mərkəzində yerləşdirilməsi ilə onların informasiya təhlükəsizliyi də təmin olunacaq.

Qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası və Elmi problemlər üzrə elmi şuraların veb-saytlarının yaradılması işlərini başa çatmış hesab edərək, onların təhvil verilməsi haqqında qərar qəbul edib. İclasda həmçinin Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün “Elmi problemlər reyestri” və “Dissertasiya mövzuları reyestri” informasiya sistemlərinin yaradılması haqqında qərar qəbul edilib, müvafiq təşkilati və elmi-texniki işlərin təmin edilməsi İnformasiya Texnologiyaları İnstitutuna həvalə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: