Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2017 13:53
  • A-
  • A
  • A+

20 Yanvar faciəsinin ildönümü AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarında qeyd olunub

20 Yanvar faciəsinin ildönümü AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarında qeyd olunub

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 27 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Lakin bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.

İyirmi yeddi il öncə Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.

Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar.

Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.

“Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümü ərəfəsində şəhidlərin əziz xatirəsi ölkəmizdə və onun hüdudlarından kənarda dərin ehtiramla yad edilir.

“20 Yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən, AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarında silsilə tədbirlər davam etdirilir. Akademiyanın Naxçıvan BölməsindəFiziologiya, Arxeologiya və Etnoqrafiya, Şərqşünaslıq, FizikaFəlsəfə, FolklorNeft-Kimya Prosesləri, Elm Tarixi, Əlyazmalar, Dilçilik, Botanika institutlarında, Mərkəzi Nəbatat Bağında, həmçinin Hüseyn Cavidin Ev MuzeyiMilli Azərbaycan Tarixi Muzeyində anım mərasimləri keçirilib.

Tədbirlərdə 20 Yanvar faciəsinin başvermə səbəbləri barədə məlumat verib, yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunan bu tarixin həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü sayıldığı, bu qanlı hadisələrin xalqımızın müstəqilliyinin bərpası naminə mübarizə aparmaq əzmində olmasını bir daha nümayiş etdirdiyi vurğulanıb.

Allah şəhidlərimizə rəhmət eləsin...

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: