Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.02.2014 00:00
  • A-
  • A
  • A+

“Antikorrupsiya siyasəti dövlətin davamlı iradəsidir” kitabının təqdimatı keçirildi

“Antikorrupsiya siyasəti dövlətin davamlı iradəsidir” kitabının təqdimatı keçirildi

Bu gün AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda tarix elmləri doktoru, professor Namiq Axundov və siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Rövşən Vəlizadənin “Antikorrupsiya siyasəti dövlətin davamlı iradəsidir” kitabının təqdimatı keçirildi.

Tədbirdə millət vəkilləri, aidiyyəti nazirlik və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış alim və ziyalılar iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva ölkədə insan hüquqlarının inkişafı istiqamətində görülən işlərdən söz açdı, korrupsiyaya qarşı dövlət tərəfindən ciddi tədbirlərin həyata keçirildiyini vurğuladı.

Bildirdi ki, Azərbaycanda korrupsiyaya qarşı dayanıqlı mübarizə problemlərinə həsr edilmiş yeni nəşr AR Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın müvafiq müddəalarının icrası istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Qeyd etdi ki, ölkədə korrupsiya ilə mübarizə sahəsində hüquqi baza yaradılıb. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına və s. yönəlmişdir.

A.Mustafayeva “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nında dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə qərarlarının icrasının effektivliyinin təmin edilməsi, korrupsiya ilə bağlı milli qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırlması məsələlərinə toxunulduğunu qeyd etdi. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, korrupsiyaya qarşı mübarizə sahəsində də əsaslı islahatlara başlanılmışdır.

Daha sonra çıxış edən kitabın müəlliflərindən biri – tarix elmləri doktoru, professor Namiq Axundov bildirdi ki, hazırda dünyanın bütün ölkələrində korrupsiya mövcuddur. Azərbaycan bu qlobal bəlaya qarşı ciddi konsepsiya və strateji layihələrə malikdir. Onun sözlərinə görə, Azərbaycan korrupsiya ilə mübarizədə beynəlxalq sistemə qoşulub və antikorrupsiya siyasətində öz xəttini davam etdirməkdədir. Artıq beynəlxalq təşkilatlar tərəfindən bu sahədə ixtisaslaşmış qurumun Azərbaycan modeli müsbət qiymətləndirilir.

Nəşrin həmmüəllifi –institutun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Rövşən Vəlizadə korrupsiyanın meydana çıxardığı təhlükələrdən danışaraq, onun dövlətçilik prinsiplərini məhv etdiyini vurğuladı. Müasir dövrdə ümumi inkişaf və təhlükəsizliyə birbaşa təsir göstərən korrupsiya təkcə ümumbəşəri demokratik dəyərləri deyil, həm də milli-mənəvi dəyərlərə böyük zərbə vurur. R.Vəlizadənin fikrincə, Azərbaycanda ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində korrupsiyaya qarşı mübarizə uğurla davam etdirilməkdədir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Vüqar Əliyev, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Sultan HacıyevBakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, professor İradə Hüseynova və başqaları kitabın Azərbaycanda korrupsiya problemi ilə mübarizədə mühüm əhəmiyyət kəsb edən növbəti addım olduğunu vurğuladılar, müəlliflərin bu sahədəki fəaliyyətini yüksək dəyərləndirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: