AMEA Milli Azərbaycan Tarixi Muzeyində bu qurumun və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “26-cı ümid” adlı anım tədbiri keçirilib.
Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov çıxış edərək bildirib ki, Xocalı faciəsi tariximizin ən qanlı səhifələrindən biridir. Bu dəhşətli hadisənin ağır nəticələrindən danışan E.Dadaşov diqqətə çatdırıb ki, Xocalıda dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib, əsir götürülənlər isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalıblar.
Sonra çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sənətşünaslıq bölməsinin sədri, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vurğulayıb ki, Xocalının ermənilər tərəfindən əsas hədəf kimi seçilməsi onların düşünülmüş siyasətinin tərkib hissəsidir.
Daha sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları tərəfindən səhnələşdirilmiş “26-cı ümid” kompozisiyasının nümayişi olub.
Tədbirdə Azərbaycan Rəssamlar və Teatr Xadimləri İttifaqının üzvü, rəssam Elşən Sərxanoğlunun "26-cı ümid"adlı triptix formalı rəsm əsərinin təqdimatı da baş tutub.
Sonda sözügedən rəsm əsəri müəllif tərəfindən muzeyə hədiyyə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.