AMEA İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Fərhad Əmirbəyovla görüş keçirilib.
Məqsəd institutun fəaliyyəti ilə yaxından tanışlıq və iki qurum arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
Görüşdə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, ümumi işlər üzrə direktor müavini Şakir Mehdiyev, institutun elmi-katibi Mədinə Səidova, təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev, Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova və AzScienceNet elm-kompüter şəbəkəsinin (EKŞ) əməkdaşları iştirak ediblər.
Öncə çıxış edən akademik R.Əliquliyev son illər AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyasının təşkil etdiyini bildirib. Alim AMEA-da magistratura təhsilinin yaradılmasının bu sahədə əldə olunan ən mühüm nailiyyətlərdən olduğunu söyləyib, SABAH qruplarında təhsil alan tələbələrin akademiyanın elmi müəssisələrində təcrübə keçdiklərini qeyd edib.
"Azərbaycan elm və təhsili qarşısında duran əsas məsələlərdən biri elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanmasının təmin olunmasıdır”, – deyə bildirən R.Əliquliyev elmi biliklərin təhsilə transformasiyası barədə danışıb. Bildirib ki, müasir dövrdə elm və təhsilin əsas vəzifələrindən biri informasiya cəmiyyətinin qurucularını yetişdirməkdən ibarətdir, bunun üçün isə insan fəaliyyətinin bütün sahələrində onlayn mühitlər üzrə kadr potensialı formalaşdırılmalıdır.
Alim ölkəmizdə elm və təhsil sahəsinə cavabdeh olan iki qurum – Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin elm və təhsilin inteqrasiyası istiqamətində birgə fəaliyyət göstərdiklərini və gələcəkdə də əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Elm və təhsilin inteqrasiyası prosesində AzScienceNet-in mühüm vasitələrdən olduğunu bildirən akademik R.Əliquliyev AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib. Alimin sözlərinə görə, AMEA-nın elmi-tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də AzScienceNet və Data Mərkəzin xidmətlərindən yararlana bilərlər.
AMEA-nın akademik-katibi AzScienceNet-in dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri quraraq akademiyanın institut və təşkilatları əməkdaşlarının dünyanın elm və təhsil şəbəkələrinin təqdim etdiyi imkanlardan yararlanmasına şərait yaratdığını diqqətə çatdırıb. Qeyd edib ki, AzScienceNet 2015-ci ildə Təhsil Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycan elm və təhsil mühitini Avropanın elm, təhsil fəzasına inteqrasiya etdirərək ölkəmizdə dünya standartlarına uyğun texnologiya və xidmətlərin istifadə edilməsinə, tədqiqatçılarımızın bu mühitdə daha səmərəli fəaliyyət göstərməsinə şərait yaratmağa imkan verən Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasına (GEANT) milli operator statusunda üzvlüyünə qəbul olunub.
R.Əliquliyev AzScienceNet şəbəkəsinin Şərqi Avropa və Cənubi Qafqazda regional elm və təhsil şəbəkəsinin yaradılması üçün GEANT şəbəkəsi tərəfindən həyata keçirilən “EaPConnect” layihəsində iştirakının yerli alim, tələbə və tədqiqatçıların qlobal tədqiqat və təhsil əməkdaşlığında iştirakının asanlaşdırılmasına şərait yaratdığını diqqətə çatdırıb.
Sonra institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov “AzScienceNet elm-kompüter şəbəkəsinin infrastrukturu və xidmətləri” mövzusunda təqdimatla çıxış edib. Alim şəbəkənin göstərdiyi xidmətlər, beynəlxalq əlaqələri və s. barədə ətraflı məlumat verərək AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli çoxsaylı İnternet xidmətləri göstərən AzScienceNet şəbəkəsinin fəaliyyətinin mühüm dövlət sənədlərinə əsaslandığını bildirib.
Şəbəkənin idarəetmə strukturunu təqdim edən R.Ələkbərov bildirib ki, DATA mərkəz, İnternet xidmətləri mərkəzləri, Şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olan AzScienceNet vasitəsilə AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarına Cloud Computing, Cloud Storage, Virtual laboratoriya, Hostinq, Eduroam, İP Telefoniya, paylanmış çoxterminallı məlumat xidməti, e-kitabxana, distant tədris və s. xidmətlər göstərilir.
Alim AzScienceNet EKŞ-nın İnternetə çıxış sürətinin illər üzrə inkişaf dinamikasını təqdim etdi, şəbəkənin İnternetə qoşulma surətinin 1,41 Gbit/s, hesablama gücünün 17 Tflops, xarici yaddaş həcminin isə 400 Tbayt-a bərabər olduğunu diqqətə çatdırıb.
AMEA-nın 41 institut və təşkilatının fiber-optik xəttlə AzScienceNet-ə qoşulduğunu söyləyən R.Ələkbərov AMEA-nın institut və təşkilatları ilə yanaşı, ölkənin ali təhsil müəssisələri, digər elmi qurumlar və fərdi istifadəçilərin də şəbəkənin təqdim etdiyi Cloud Computing xidmətindən yararlanmaq imkanına malik olduğunu qeyd edib.
Direktor müavini, həmçinin AzScienceNet şəbəkəsinin paylanmış çoxterminallı məlumat sistemi, şəbəkənin videokonfrans və VoIP xidmətləri haqqında ətraflı məlumat verdi, şəbəkə üzərindən ElmTV-nin yayımı və AzScienceNet şəbəkəsi üzrə “Qaynar xətt” xidmətinin təşkili işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.
Sonra F.Əmirbəyov AzScienceNet-in Data Mərkəzi, Tədris-İnnovasiya Mərkəzi, Elektron Kitabxana Mərkəzi, Multimedia Mərkəzinin nəzdində fəaliyyət göstərən “İnformasiya texnologiyaları” nəşriyyatında təklif olunan xidmətlər və məhsullar, o cümlədən İnternet-kafe ilə tanış olub. Ona institutun foyesində quraşdırılmış interaktiv ekran, “İnfoTV” internet televiziyası haqqında məlumat verilib.
Daha sonra Distant Tədris Mərkəzində olan qonağa bu mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib. R.Əliquliyev burada Gəncə Bölməsi ilə yaradılan canlı bağlantı zamanı çıxış edərək mərkəzin bir sıra regional elm və təhsil müəssisələrinə AzScienceNet şəbəkəsi vasitəsilə videokonfrans və distant xidmətlər göstərdiyini nəzərə çatdırıb. Mərkəzin regional bölgələrlə yanaşı, dünyanın aparıcı elmi-tədqiqat müəssisələri arasında elm və təhsil körpüsü olduğunu, doktorant və dissertantların məsafədən təhsil alması, onlayn seminar və konfransların keçirilməsi, Bakıya gələn mötəbər qonaqların bir araya toplanması, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün geniş imkanlar yaratdığını söyləyib. R.Əliquliyev Distant Tədris Mərkəzinin ölkədə vahid elm və təhsil mühitinin formalaşdırılmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Təhsil nazirinin müşaviri F.Əmirbəyov institutda yaradılmış innovativ şəraiti, əldə olunmuş elmi nailiyyətləri yüksək qiymətləndirərək əməkdaşlıq əlaqələrinin inkişafının hər iki qurumun fəaliyyətinin daha səmərəli təşkilində mühüm rol oynayacağına əminliyini ifadə edib.
Sonda AMEA İnformasiya Texnologiyaları İnstitutu və AR Təhsil Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin inkişafı, elm və təhsilin inteqrasiyası nəticəsində əldə olunan nailiyyətlərin, elmi innovasiyaların təhsil mühitinə transferi məsələləri ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, ölkənin təhsil müəssisələrinə internet xidmətləri göstərən AzEduNet təhsil şəbəkəsi ilə AMEA-nın AzScienceNet şəbəkəsi arasında əməkdaşlıq əlaqələrinin qurulması hər iki qurum üçün geniş imkanlar yaradacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.