Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.03.2017 14:57
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda "Strateji yol xəritələri"nin icrası ilə bağlı vəzifələr müzakirə olunub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda "Strateji yol xəritələri"nin icrası ilə bağlı vəzifələr müzakirə olunub

Martın 31-də AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndən irəli gələn vəzifələr müzakirə olunub.

İclasda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, "Strateji yol xəritəsi" 12 istiqaməti əhatə edir və məqsəd ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etməkdir.

Akademik sənədin 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və Tədbirlər Planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrü əhatə etdiyini deyib. D.Tağıyev “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”nin institutun qarşına müəyyən vəzifələr qoyduğunu vurğulayıb.

Alim, həmçinin institut tərəfindən ölkədə milli innovasiya siyasətinin hazırlanması, patent sisteminin təkmilləşdirilməsi istiqamətlərində təkliflərin veriləcəyini bildirib.

Mövzu ətrafında müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.

Daha sonra Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun növbəti illər ərzində qarşısına qoyduğu vəzifələr müəyyənləşdirilib.

Azərbaycanın müdafiə imkanlarının artırılması, respublikaya idxal edilən məhsulların yerli xammalla əvəz olunması, ölkədə istehsal olunan xammal bazasından məhsullar hazırlanması, həmçinin Neftçala Yod-Brom Zavodunun xammallarından yeni məhsullar əldə edilməsi barədə qərar qəbul olunub.

Bundan əlavə, mineral xammal, alternativ enerji mənbələri, respublikanın kimya sənayesinin inkişaf etdirilməsi, istehsal gücünü artırmaq üçün texnologiyanın təkmilləşdirilməsi və AMEA Yüksək Texnologiyalar Parkının imkanlarından istifadə olunması barədə tapşırıqlar verilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: