Aprelin 11-də Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Thomson Reuters” təşkilatı tərəfindən bu elmi müəssisənin əməkdaşları üçün “Web of Science” məlumat platformasından istifadə qaydalarına dair maarifləndirici seminar keçirilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq 2016-cı ilin oktyabr ayında AMEA ilə “Thomson Reuters” təşkilatı arasında əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladıb. Müqaviləyə əsasən AMEA-nın elmi müəssisələri üçün “Web of Science” məlumat platformasından istifadə imkanlarının yarandığını deyən akademik D.Tağıyev seminarın institutda çalışan alimlərin qlobal elmi bazaya çıxış təcrübəsi qazanması baxımından faydalı olacağını bildirib.
Seminarda “Thomson Reuters” təşkilatının Azərbaycan üzrə nümayəndəsi və bu təşkilatın elmi-informasiya resursları üzrə eksperti Aygün Babazadə təqdimatla çıxış edib. Bildirib ki, sözügedən platformada elmi nəşrlər, istinadlar, eləcə də elmi tədqiqatlar üçün məlumat bazaları yerləşir.
A.Babazadə kimya elmləri üzrə elmi jurnalların göstəriciləri, beynəlxalq istinad səviyyələri, həmçinin saytda axtarış vasitələrindən səmərəli istifadə yolları barədə də məlumat verib.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.