AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun İdarəetmənin nəzəri problemləri şöbəsinin müdiri, akademik Asəf Hacıyev İstanbulda keçirilən XX Avrasiya İqtisadi Sammitində iştirak edib.
Asiya və Avropanın bir neçə dövlət və hökumət başçısının iştirak etdiyi sammitdə akademik A.Hacıyev bəşəriyyət üçün ən böyük təhlükə olan terrorizmə qarşı mübarizə metodları və yaranan qaçqın böhranı məsələləri ilə bağlı çıxış edib.
Terrorun dünya iqtisadiyyatına vurduğu ziyanın 400 mlrd. ABŞ dollarını keçdiyini deyən alim bildirib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına dəyən zərər qeyd olunan rəqəmin 10%-dən çoxdur: "Əgər dünya əhalisinin hər 110 nəfərindən biri qaçqındırsa, Azərbaycanda hər 9 nəfərdən biri qaçqındır və dünya ictimaiyyəti bu haqda ciddi düşünməlidir".
Sammitin sonunda Asəf Hacıyev uzunmüddətli və uğurlu fəaliyyətinə görə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin xüsusi medalı ilə təltif edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.