Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.04.2017 13:32
  • A-
  • A
  • A+

“Azərbaycanda İslam həmrəyliyi ili – birlik və inkişaf naminə sülhməramlı missiya” mövzusunda elmi konfrans keçirilib

“Azərbaycanda İslam həmrəyliyi ili – birlik və inkişaf naminə sülhməramlı missiya” mövzusunda elmi konfrans keçirilib

Bu gün AMEA-nın Əsas binasında akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanda İslam həmrəyliyi ili – birlik və inkişaf naminə sülhməramlı missiya” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Təqi Xəlili, İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə, İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirinin müavini Saad Ghazal, həmçinin Sudan və İraq səfirliklərinin nümayəndələri iştirak ediblər.

Tədbiri Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Gövhər Baxşəliyeva açaraq 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamını xatırladıb. O, Azərbaycanın İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına böyük töhfələr verdiyini deyib.

Sonra İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundov çıxış edərək İslam ölkələri daxilində harmoniya və sabitliyin yaradılmasına böyük ehtiyac olduğunu bildirib. Müsəlman ölkələrinin beynəlxalq təşkilatlarda vahid cəbhədən çıxış etməsinin vacibliyini vurğulayan alim Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində İslam ölkələrinin dəstəyini hiss etdiyini söyləyib.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov konfansın mövzusunun İslam aləmi üçün həyati məsələ olduğunu deyib. Alim İslam dünyasına qarşı tarixən aparılan təcavüz siyasətinin bu gün də davam etdirildiyini və İslam mədəniyyətinin terror nəticəsində məhv edildiyini bildirib.

Sonra İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirinin müavini Saad Ghazal çıxış edərək bu gün Azərbaycanda bütün dinlərin nümayəndələrinin azad şəkildə dini ayinlərini yerinə yetirdiyini və İslamın tolerantlıq şərtinə Azərbaycanda əməl edilməsinin şahidi olduğunu deyib. S.Ghazal İslam aləminin bu gün parçalanma dövrünü yaşadığını və İslamın mahiyyətinin qəsdən təhrif edildiyini bildirib.

Tədbirdə G.Baxşəliyeva “İslam həmrəyliyi ili – zamanın çağırışlarına uzaqgörən reaksiya” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin zamanında verilmiş çox gərəkli, uzaqgörən ictimai-siyasi bir qərar olduğunu söyləyib. Qeyd edib ki, Azərbaycan xalqı İslam aləminin ayrılmaz parçası olaraq bu sivilizasiyanın yaradıcılarından biri olub, həmçinin onun inkişafına və təkamülünə əvəzsiz incilər bəxş edib. Bu gün Yaxın Şərqin dünyanın ən gərgin və böhranlı regionlarından birinə çevrildiyini söyləyən G.Baxşəliyeva belə şəraitdə müsəlman ölkələrinin həmrəylik nümayiş etdirməsinin vacibliyini vurğulayıb. G.Baxşəliyeva bu gün bəzi müsəlman ölkələrinin İslam həmrəyliyi prinsipini kobud şəkildə pozaraq təcavüzkar Ermənistanla iqtisadi, hərbi sahədə əməkdaşlıq etdiyini söyləyib.

Konfransda, həmçinin Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, i.ü.f.d. Məmmədəli Babaşlı “İslam həmrəyliyi amili və Ermənistan – Azərbaycan münaqişəsinə dair həqiqətlərin çatdırılması imkanları”, institutun Din və ictimai fikir tarixi şöbəsinin müdiri, f.ü.f.d. Esmiralda Həsənova “Azərbaycan Respublikasında İslam həmrəyliyinin ideoloji-siyasi əsasları haqqında”, həmin şöbənin fəlsəfə üzrə fəlsəfə doktorları - İlkin Əlimuradov “İslam həmrəyliyi və müasir Azərbaycan”, Elvüsal Məmmədov “İslamda tolerantlıq məsələsi”, Aslan Həbibov “Məzhəblərarası vəhdətin Azərbaycan təcrübəsi”, Leyla Məlikova “İslam postreformizminin bəzi aspektləri” mövzusunda məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: