Aprelin 24-də Lənkəran şəhərində AMEA Rəyasət Heyəti, A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Öncə tədbir iştirakçıları Lənkəran şəhərində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, məzarı önünə gül dəstələri qoyublar.
Lənkəranda yerləşən Heydər Əliyev Mərkəzində Tarix İnstitutunun elmi nəşrlərinin sərgisinə baxış keçirildikdən sonra IV Beynəlxalq Lənkəran konfransının açılış mərasimi başlayıb.
Əvvəlcə dünyanın müxtəlif ölkələrindən alim və mütəxəssislərin qatıldığı tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev ölkə Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini səsləndirib. Müraciətdə insanlığa qarşı törədilən cinayətlərin ən ağırı sayılan soyqırımının dərindən və hərtərəfli öyrənilməsinin mühüm əhəmiyyətə malik olduğu vurğulanır.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək konfransın məhz Lənkəranda keçirilməsinin tarixi əhəmiyyətini vurğulayıb. O, Lənkəranın 1918-ci ilin mart-aprel hadisələri zamanı erməni daşnaklarının təcavüzünə daha çox məruz qalan bölgələrdən olduğunu qeyd edib. Bildirib ki, ümumilikdə Lənkəran və ətraf rayonlarda 40-dək yaşayış məntəqəsi yandırılmaqla yerlə-yeksan olunub, 2000-dən çox dinc sakin qətlə yetirilib. T.Qaraşov bu kimi həqiqətlərin daha dərindən öyrənilməsi və xalqımıza qarşı törədilən erməni vəhşiliklərinin sübuta yetirilməsində böyük rolu olacağına əminliyini ifadə edib.
Daha sonra Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış edib. “Azərbaycan xalqı dünyanın ən dəhşətli soyqırımına məruz qalmış xalqlarındandır” – deyən məruzəçi obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının alimlər qarşısında duran əsas hədəflərdən olduğunu deyib.
Y.Mahmudov bildirib ki, Prezident İlham Əliyev multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırmaqla Azərbaycan reallığını bütün dünyaya nümunə kimi təqdim edir. Bu baxımdan, ölkə Prezidentinin təşəbbüsü ilə hər il Azərbaycanda keçirilən dünya tarixçilərinin Beynəlxalq soyqırımı konfransları real tarixi həqiqətlərin aşkara çıxarılmasında, tarix elminin yeni faktlar və elmi ümumiləşdirmələrlə zənginləşməsində mühüm rol oynayır.
Konfransın təşkilatçılarından biri olan Türkiyənin Atatürk Araşdırma Mərkəzinin başqanı, professor Mehmet Ali Beyhan AMEA-nın Tarix İnstitutu ilə mövcud olan əməkdaşlıq əlaqələrindən söz açıb, iki qurumun birgə fəaliyyətini yüksək qiymətləndirib.
Alim konfransda iştirak edən xarici ölkə alimlərinin sayı və müzakirəyə çıxarılan mövzulara görə tədbirin xüsusi əhəmiyyətə malik olduğunu bildirib.
Beynəlxalq konfrans iştirakçılarını AMEA-nın prezidenti və Rəyasət Heyəti adından salamlayan akademiyanın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova artıq dördüncü dəfədir ki, keçirilən beynəlxalq elmi konfransın türk-müsəlman xalqlarına qarşı törədilən soyqırımlarının tanıdılması istiqamətində atılan vacib addım olduğunu bildirib. Məruzəçi Lənkəranda törədilmiş soyqırım vəhşiliklərinə dair bir sıra faktları diqqətə çatdırıb.
Plenar iclasda, həmçinin Türkiyə Respublikasının Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Derya Örs, Türkiyənin keçmiş təhsil naziri, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (YTSAM) rəhbəri, professor Həsən Cəlal Gözəl, Türk Tarix Qurumunun başqanı, professor Refiq Turan, Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun prezidenti, professor İqor Turitsın və başqaları çıxış ediblər.
Konfransda BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov erməni cinayətkarlarının ölkəmizin cənub bölgəsində törətdikləri soyqırımı vəhşiliklərini əhatə edən geniş məruzə ilə çıxış edib.
Bildirilib ki, Azərbaycan dövlətinin başçısı AMEA-nın Tarix İnstitutunun keçirdiyi bu beynəlxalq elmi konfransların fəaliyyətini həmişə diqqət mərkəzində saxlayır və konfrans iştirakçılarına ənənəvi müraciət məktubları ünvanlayır.
Plenar iclasın sonunda Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun prezidenti İqor Turitsına Tarix İnstitutunun Fəxri doktoru diplomu təqdim olunub.
Konfrans öz işini bölmə iclaslarında davam etdirib. Bölmə iclaslarında xarici ölkə alimləri ilə birgə son 200 ildə böyük bir coğrafiyada türk-müsəlman xalqlarına qarşı sistemli şəkildə yeridilmiş soyqırımı, deportasiya, repressiya siyasəti və bunun ağır nəticələri müzakirə olunur.
Beynəlxalq tədbir aprelin 27-də başa çatacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.