2-5 may 2017-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Coğrafiya Cəmiyyəti və Türkiyənin Egey Universitetinin Ədəbiyyat fakültəsinin coğrafiya bölməsinin birgə təşkilatçılığı ilə Birinci Azərbaycan-Türkiyə Coğrafiya Günləri keçirilir.
Tədbirin birinci günü, mayın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Azərbaycanın xarici siyasətinin prioritetləri, Azərbaycan və Türkiyə coğrafiyasında aparılan elmi tədqiqatların istiqamətləri barədə müzakirələr aparılıb. Bundan əlavə, “Əlaqələrin genişləndirilməsi və coğrafi yanaşmalar” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir mayın 3-də AMEA-nın Əsas binasında elmi məruzə və müzakirələrlə öz işini davam etdirib.
İclasda Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov çıxış edərək bu tədbirin gələcək birgə fəaliyyət və elmi tədqiqatlar üçün stimul olduğunu vurğulayıb. R.Məmmədov Türk Dünyası Coğrafiyası İnstitutunu yaratmağın görkəmli coğrafiyaşünas alim, akademik Budaq Budaqovun ən böyük arzularından biri olduğunu bildirib. Qeyd edib ki, Türk dünyası çox böyük məkandır və burada fəaliyyət göstərməyə geniş imkanlar vardır.
Sonra Egey Universitetinin nümayəndəsi, professor Ertuğ Önər çıxış edərək qardaş ölkəyə gəlməkdən məmnun olduğunu bildirib, təmsil etdiyi qurumda görülən işlərdən danışıb.
Tədbirdə DİA-nın İnzibati idarəetmə fakültəsinin dekanı, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov son illərdə Azərbaycan və Türkiyədə coğrafiya elminin vəziyyətinə dair çıxış edib, birgə əməkdaşlığın hər iki ölkədə bu sahənin inkişafına böyük təkan verəcəyini vurğulayıb.
İclasda “Türkiyənin Egey və Aralıq dənizi sahillərində paleocoğrafi – arxeoloji araşdırmalar”, “Qlobal iqlim dəyişmələrinin Azərbaycan ərazisində təzahürləri”, “Azərbaycanın su ehtiyatlarının müasir vəziyyəti”, “Türkiyənin miqrasiya sistemində dəyişən mövqeyi”, “Türkiyə və yaşam tərzi”, “Türkiyədə tibbi coğrafi araşdırmalar”, “Yaradıcı turizm və Türkiyə”, “Azərbaycan Cumhuriyyəti: coğrafi durum və geopolitik davranışlar” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
Mayın 4-də tədbir iştirakçıları AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına və Coğrafiya İnstitutunun Biocoğrafi stasionarına səfər ediblər.
Mayın 5-də isə Qobustan Dövlət Tarix-Bədii Qoruğunda təşkil olunacaq görüşlərdə birgə tədqiqatların aparılması imkanları müzakirəsi olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.