Mayın 6-da AMEA-nın prezidenti, akademik Akif Əlizadə Bolqarıstanın vitse-prezidenti İliana Yotovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə akademik A.Əlizadə akademiyanın nümayəndə heyətinin bu yaxınlarda Bolqarıstana səfərini xatırladıb. Qeyd edilib ki, səfər zamanı Bolqarıstanın elmi müəssisələri ilə müzakirə olunan layihələr artıq həyata keçirilməyə başlayıb. AMEA-nın tarixindən, keçdiyi inkişaf yolundan danışan A.Əlizadə elmin kommersiyalaşdırılması istiqamətində görülən işlər, Yüksək Texnologiyalar Parkının fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırılıb ki, AMEA-nın Təcrübə-Sənaye Zavodunda bir çox adda məhsul istehsal olunur. Bunlardan tibb sahəsində geniş istifadə olunan Ağ Naftalan yağı qeyri-adiliyi ilə seçilir.
Söhbət zamanı AMEA-nın prezidenti akademiyada geologiya, fizika, kimya, informasiya texnologiyaları, paleontologiya, humanitar və ictimai elmlər sahələrində aparılan tədqiqatlardan, palçıq vulkanları, neft və qaz yataqlarının öyrənilməsi istiqamətində görülən işlərdən də danışıb. Vurğulanıb ki, elmin prioritetlərindən biri də Azərbaycan alimlərinin xarici həmkarları ilə birgə meqalayihələrdə iştirakıdır.
Görüşə görə minnətdarlığını bildirən İ.Yotova Bolqarıstan Elmlər Akademiyasının fəaliyyətindən, aparılan tədqiqatlardan və ölkələrimiz arasında elmi əməkdaşlığın gələcək perspektivlərindən danışıb. Elm, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən beynəlxalq layihələrdən, elmin maliyyələşdirilməsi və kommersiyalaşdırılmasından söz açan qonaq gələcək tədqiqatlar üçün aktual mövzuların seçilməsinin zəruriliyini qeyd edib.
Gənc elmi kadrların hazırlıq məsələsinə toxunan A.Əlizadə ikitərəfli kadr mübadiləsinin, Azərbaycanın gənc alim və mütəxəssislərinin Bolqarıstanın elmi mərkəzlərində təcrübə keçmələrinin vacibliyini vurğulayıb.
Görüşdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, AMEA-nın vitse-prezidentləri, akademik İbrahim Quliyev və akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev və başqaları iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.