Gəncə Dövlət Universitetində AMEA-nın Gəncə Bölməsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan "Müasir təbiət elmlərinin aktual problemləri" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Konfransda MDB ölkələri ilə yanaşı, Türkiyə, Fransa, İspaniya və digər xarici dövlətlərin alimləri iştirak ediblər.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev müstəqil Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin şərəfli həyat yolundan, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə verdiyi taleyüklü qərarlardan və atdığı tarixi addımlardan söz açıb.
Sonra çıxış edən Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev konfransın qədim elm və mədəniyyət mərkəzi olan Gəncədə keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, akademiyanın inkişafının böyük bir mərhələsi dahi lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın hər zaman Heydər Əliyev kimi bir şəxsiyyətlə fəxr etdiyini deyən Fuad Əliyev beynəlxalq elmi konfransın işinə uğurlar arzulayıb.
Konfransda Bakı Dövlət Universitetinin (BDU) Maddə quruluşu kafedrasının müdiri, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Eldar Məsimovun "Bioloji sistemlərdə suyun rolu", həmin kafedranın aparıcı elmi işçisi Qəzənfər Bayramovun "Nematik maye kristallar əsasındakı kompozitlərin tədqiqi", BDU-nun Fiziki və Kolloid Kimya kafedrasının dosenti Yaşar Şahverdiyevin "Optiki aktiv komponent saxlayan birfazalı binar və çoxkomponentli sistemlər maye-maye və maye-buxar faza tarazlığı" mövzusunda məruzələri dinlənilib.
Tədbirdə qeyri-üzvi və üzvi neft kimyası, botanika, ekologiya, mikrobiologiya, coğrafiya və təbiət elmlərinin digər sahələrinin aktual problemlərinə dair müzakirələr aparılıb.
Sonda beynəlxalq elmi konfransın qətnaməsi qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.