Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.05.2017 13:27
  • A-
  • A
  • A+

Akademik İbrahim Quliyevin 70 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib

Akademik İbrahim Quliyevin 70 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib

Mayın 22-də Neft və Qaz İnstitutunda AMEA-nın vitse-prezidenti, bu institutun direktoru, akademik İbrahim Quliyevin 70 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilən açan akademik İ.Quliyev elmi sessiyanın “Arktika və Dünya okeanında karbohidrogen yataqlarının axrarışı və mənimsənilməsinin vəziyyəti, perspektivliyi və problemləri” mövzusunda məruzə dinlənilməsi və “Dünya okeanı akvatoriyasında karbohidrogen yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” adlı monoqrafiyanın təqdimatına həsr olunduğunu diqqətə çatdırıb.

Sonra Rusiya Elmlər Akademiyasının (REA) Neft və Qaz Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, REA-nın müxbir üzvü V.Boqoyavlenski məruzəni təqdim edərək Arktika və Dünya okeanında karbohidrogen yataqlarının axrarışı və mənimsənilməsinin müasir vəziyyətini təhlil edib. O, Dünya okeanının müxtəlif rayonlarının geologiya və neftqazlılığı üzrə məlumatların təhlili, tarixi, həmçinin təcrübə əsasında karbohidrogen xammalının dəniz yataqlarının kəşfiyyatı və axtarışı ilə bağlı məlumat verib.

Daha sonra “Dünya okeanı akvatoriyasında karbohidrogen yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” adlı monoqrafiyanın təqdimat mərasimi keçirilib.

Kitabla bağlı çıxış edənlər bildiriblər ki, yeni nəşrdə dünya okeanının dibi və şelf zonalarının geoloji-geomorfoloji strukturunun əsas elementlərinin quruluşu, formalaşması və təkamülünun əsas xüsusiyyətləri təhlil olunub. Həmçinin dəniz neft-qaz sahəsinin inkişaf tarixi, dəniz neft-qaz axtarışının müasir metod, texnologiya və texniki vasitələri nəzərdən keçirilib.

Nəşr dəniz yataqlarının axtarışı, kəşfiyyatı və mənimsənilməsi sahəsində mütəxəssislər, o cümlədən bu sahə üzrə təhsil alan tələbələr üçün mühüm informasiya mənbəyidir.

Monoqrafiya Rusiyanın Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə hazırlanıb. Müəllifləri isə RTEA-nın həqiqi üzvü, İ.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin (RDNQU) Neft və qaz axtarışları və kəşfiyyatının elmi əsasları kafedrasının rəhbəri, geologiya-minerologiya elmləri doktoru, professor Vaqif Kərimov, RTEA-nın müxbir üzvü, geologiya-minerologiya elmləri doktoru Boris Senin, REA-nın müxbir üzvü, Neft və Qaz Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, texnika elmleri doktoru V.Boqoyavlenski, RTEA-nın müxbir üzvü, İ.Qubkin adına RDNQU-nun Neft və qaz axtarışları və kəşfiyyatının elmi əsasları kafedrasının aparıcı elmi işçisi, geologiya-minerologiya elmləri doktoru Gennadi Şilovdur.

Tədbirin sonunda məruzələrə dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: