Mayın 25-də AMEA Rəyasət Heyətində AR Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə işçi müşavirə keçirilib.
Akademik Akif Əlizadə son illər ölkəmizdə dövlət qayğısı sayəsində elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması istiqamətlərində mühüm işlər görüldüyünü söyləyib.
AMEA rəhbəri bildirib ki, Azərbaycanın elm ictimaiyyəti qlobal çağırışlara cavab vermək, ərzaq təhlükəsizliyini təmin etmək üçün səfərbər edilib, alimlərimiz təbii və texnogen mənşəli fövqəladə halların qarşısının alınması sahəsində tədqiqat işlərini intensivləşdirirlər. Azərbaycan Prezident İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə yaradılan AMEA-nın Yüksək Texnologiyalar Parkının fəaliyyətindən danışan akademik parkın mühüm tapşırıqların icra olunması və elm-istehsalat-dövlət zəncirinin tam formalaşması üçün əlverişli zəmin yaratdığını bildirib.
Diqqətə çatdırılıb ki, burada sahibkarların təklifləri əsasında elmi-tədqiqat, təcrübə-konstruktor və tədqiqat-inkişaf layihələrinin icrası, eləcə də ideya müəlliflərinin təklifləri əsasında hazırlanan innovasiya yönümlü layihələrin istehsalata transferi mümkündür. İcra ediləcək layihələr ixrac yönümlü və idxal əvəzləyici meyarlar əsasında seçilməklə bərabər, təmiz enerji və sağlam rəqabət prinsiplərinə uyğun olacaqdır.
Fövqəladə hallar naziri K.Heydərov tədbirin əhəmiyyətini qeyd edib, elmin inkişafının xalqımızın ulu öndəri Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Prezident İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi mütərəqqi siyasi kursun tərkib hissələrindən biri olduğunu bildirib. Nazirlik tərəfindən həyata keçirilən layihələr, beynəlxalq, regional və ölkədaxili təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verən nazir alimlərimizin ixtiralarının ölkənin iqtisadi inkişafı, o cümlədən fövqəladə hallarla daha səmərəli mübarizə və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün zəruri amil olduğunu, AMEA və FHN arasında əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Müşavirədə Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov “Azərbaycanda müasir texnologiyalarla innovativ yönümlü tədqiqatlar və perspektivlər”, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Köpük əmələgətirici “Naftapen”, “AZOFOS” və boy maddələri”, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşı, texnika üzrə fəlsəfə doktoru Əlibala Əlizadə “Faydalı mikroorqanizmlər vasitəsi ilə üzvi və üzvi mineral gübrələrin istehsalı”, AMEA-nın Təcrübə-Sənaye Zavodunun direktoru Vasif Abbasov “Sənaye və sürtkü yağlarının istehsalı” mövzularında təqdimatlarla çıxış ediblər.
Sonda FHN-nin məsul əməkdaşlarının və AMEA-nın nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.