Mayın 30-da AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Telekanalların dil mənzərəsi” mövzusunda mətbuat konfransı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” çərçivəsində milli telekanalların dili ilə bağlı aparılmış monitorinqlərin nəticələri açıqlanıb.
Konfransda Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu çıxış edərək dilin xalqın milli sərvəti olduğunu və onun inkişaf etdirilməsi, qayda və normalarının qorunmasının zəruriliyini vurğulayıb. Akademik Dövlət Proqramında küçə adları, reklam, afişa və elanlarda, o cümlədən KİV-də və İnternetdə ədəbi dil normalarının qorunması, əhali arasında nitq mədəniyyətinin yüksəldilməsi kimi bir sıra vacib vəzifələrin qoyulduğunu vurğulayıb. Qeyd edib ki, rəhbərlik etdiyi qurumda bununla bağlı Monitorinq şöbəsi yaradılıb və Azərbaycan ədəbi dilinin qorunması istiqamətində bir neçə təşkilatla müqavilələr imzalanıb.
Sonra Monitorinq şöbəsinin müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva çıxış edərək Azərbaycan dilinin mövcud mənzərəsinin öyrənilməsi üçün bir neçə istiqamətdə monitorinqlər aparıldığını bildirib. Alim monitorinqlərin müsbət nəticələr verdiyini, bildirilən iradlar və institutda təşkil olunan seminarlar nəticəsində televiziya aparıcılarının nitqindəki qüsurların aradan qaldırıldığını söyləyib. S.Əliyeva televiziyalarda Türkiyə intonasiyasının Azərbaycan ədəbi dilinə daxil edilməsinin yolverilməz olduğunu diqqətə çatdırıb.
Tədbirdə institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Qaziyeva “Telekanalların dil mənzərəsi” barədə monitorinqin nəticələrini açıqlayıb. O, monitorinqlərə telekanallarında yayımlanan xəbər, xəbərdən törəmə və əyləncə tipli verilişlərin cəlb olunduğunu söyləyib. N.Qaziyeva ümumilikdə xəbər verilişlərində 28, əyləncə verişlərində isə 72 faiz dil normalarının pozulduğunu bildirib. Qeyd edib ki, cari ildə aparılan monitorinqlər zamanı ifadələr və üslubi səhvlər, sintaktik, fonetik və morfoloji səviyyədə normadan kənara çıxma halları aşkarlanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.