AMEA-nın Rəyasət Heyətində “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” layihəsi üzrə həyata keçirilən “Tvinninq” layihəsi çərçivəsində məsul icraçılarla görüş keçirilib.
Əvvəlcə Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov “Tvinninq” layihəsinin Avropa ali təhsil məkanına inteqrasiya etməklə Azərbaycanın ali təhsil sisteminin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini və AMEA-nın bu layihəyə hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib. Alim AMEA-da elm və təhsilin inteqrasiyası, magistratura və doktorantura təhsili ilə bağlı həyata keçirilən islahatlar barədə məlumat verərək, Akademiyanın bu sahədə təcrübəsinin Tvinninq layihəsi üçün önəmli olacağını vurğulayıb, birgə əməkdaşlıq perspektivlərindən söz açıb.
Görüşdən məmnunluğunu ifadə edən layihənin Rezident Tvinninq müşaviri Reijo Aholainen layihə çərçivəsində görülmüş işlər barədə məlumat verib. Müşavir AMEA-nın təkliflərinin və tövsiyələrinin layihə icraçıları üçün xüsusi maraq kəsb etdiyini qeyd edib.
Sonra Estoniya Respublikasının Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı üzrə Agentliyini təmsil edən Heli Mattisen çıxış edərək Azərbaycanda yeni qəbul edilmiş Elm haqqında Qanunda təsbit olunmuş “Tədqiqat universiteti” təsisatı ilə bağlı məlumat əldə etmək istədiyini bildirib.
Finlandiya Respublikasının Təhsilin Qiymətləndirilməsi Mərkəzini təmsil edən Helka Kekalainen Azərbaycanda elm və təhsilin milli, Avropa və qlobal səviyyələrdə inkişafı ilə bağlı son illərdə həyata keçirilmiş islahatlarla maraqlanıb.
AMEA-nın müxbir üzvü Ə.Sadıqov qonaqları maraqlandıran sualları ətraflı cavablandırıb. O, Azərbaycanın ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə uyğunlaşdırılması istiqamətində görülən işlər və “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən “Nizami” layihəsindən danışıb. Alim layihə çərçivəsində qarşıya qoyulan məqsədlərə müvafiq olaraq milli standartlara və təlimatlara uyğun tövsiyələrin hazırlandığını qeyd edib.
Görüşdə Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev, Elm və Təhsil İdarəsinin Elmi-analitik şöbəsinin rəisi Fail Kazımov, Doktorantura şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov, Magistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov, Rezident Tvinninq müşavirinin Assistenti Aytac Atakişiyeva və digər mütəxəssislər iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.