Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.06.2017 12:52
  • A-
  • A
  • A+

Tanınmış iqtisadçı alimin yubileyinə həsr olunan elmi sessiya keçirilib

Tanınmış iqtisadçı alimin yubileyinə həsr olunan elmi sessiya keçirilib

İyunun 9-da AMEA-nın Əsas binasında tanınmış iqtisadçı alim, İqtisadiyyat İnstitutunun baş elmi işçisi, professor Tərbiz Əliyevin anadan olmasının 70, elmi-pedoqoji fəaliyyətinin 45 illiyinə həsr olunan elmi sessiyaya keçirilib.

Əvvəlcə görkəmli alimin həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub. 

Tədbiri giriş sözü ilə açan institutun direktoru, professor Nazim İmanov uzun illər bu elmi müəssisədə çalışmış görkəmli alimin elmi-pedaqoji fəaliyyətindən, iqtisadiyyat elminə verdiyi töhfələrdən, yüksək ixtisaslı kadrların hazırlanmasındakı xidmətlərindən danışıb. Bildirib ki, T.Əliyev Beynəlxalq İnformasiyalaşdırma, Eko-Energetika, Rusiya Təbiət Elmləri və Ukrayna Texnologiya akademiyalarının həqiqi üzvüdür. O, Avropa Elmi-Sənaye Konsorsiumu tərəfindən “Adam Smit” qızıl medalı alan ilk Azərbaycan alimidir.  

N.İmanov yubilyarı təbrik edib, ona can sağlığı, elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.

Elmi sessiyada AMEA-nın müxbir üzvü Şahbaz Muradovun “Müasir iqtisad elminin fədakar tədqiqatçısı”, iqtisad üzrə fəlsəfə doktoru Seyfəddin Səməndərovun “Professor Tərbiz Əliyevin elmi-pedaqoji fəaliyyəti haqqında” və iqtisad üzrə fəlsəfə doktoru, dosent Yaşar Məmmədovun “Professor Tərbiz Əliyevin elmi-istehsalat fəaliyyəti haqqında” mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə bildirilib ki, iqtisadçı alim neft-kimya müəssisələrinin idarə edilməsi monoqrafiyalarında idarəetmə funksiyaları üzrə neft emalı və neft-kimya müəssisələrində tələb olunan idarəetmə işçilərinin sayının hesablanmasının riyazi düsturlarını təklif etmiş, çoxpilləli idarəetmə sistemindən daha rasional sistemə keçirilməsinin texniki-iqtisadi əsaslarını hazırlamışdır. T.Əliyev, həmçinin iqtisadi informasiyaların həcminin idarəetmə funksiyaları üzrə təyin edilməsinin riyazi modelini, idarəetmənin təşkilinin sosial səmərəliliyinin müəyyən edilməsi metodikasını, məqsədli sistem yanaşılması əsasında neft emalı və neft-kimya sənayesi müəssisələrinin mövcud idarəetmə sisteminin səmərəliliyinin kompleks qiymətləndirilməsi metodikasını işləyib hazırlamışdır.

T.Əliyev iqtisadiyyatın müxtəlif sahələrinə aid 260 elmi əsərin, o cümlədən monoqrafiya, kitabça və məqalələr toplusunun müəllifidir. Onun rəhbərliyi ilə 38 fəlsəfə, 1 elmlər doktoru hazırlanmışdır.

Elmi fəaliyyətini bu gün də yorulmadan davam etdirən alim beynəlxalq simpozium və konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil edir.

Tədbirdə çıxış edən akademik Ziyad Səmədzadə, AMEA-nın müxbir üzvü Akif Musayev və başqaları Azərbaycan iqtisad elminin inkişafında böyük xidmətləri olmuş T.Əliyevin çoxşaxəli fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışıb, alimi yubileyi münasibətilə təbrik ediblər. Natiqlər bildiriblər ki, T.Əliyevin elmi fəaliyyəti sayəsində ölkədə iqtisad elminin bir sıra aparıcı istiqamətləri formalaşmış və inkişaf etmişdir. O, respublikamızın elmi ictimaiyyəti arasında tanınmış iqtisadçı alim, nüfuzlu və bacarıqlı təşkilatçı, elmi-nəzəri və təcrübi əhəmiyyətə malik ideyaların daşıyıcısı kimi şöhrət qazanmışdır.

Sonda yubilyar çıxış edərək ona göstərilən yüksək hörmət və ehtirama görə təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: