Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.06.2017 13:40
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda tanınmış ərəb məhcər ədibi Əmin ər-Reyhaninin 140 illiyi qeyd edilib

Şərqşünaslıq İnstitutunda tanınmış ərəb məhcər ədibi Əmin ər-Reyhaninin 140 illiyi qeyd edilib

İyunun 14-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda tanınmış ərəb məhcər ədibi Əmin ər-Reyhaninin anadan olmasının 140 illiyi münasibətilə elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva qeyd edib ki, məhcər ədəbiyyatının görkəmli nümayəndəsi Əmin ər-Reyhani istər ərəb ədəbiyyatşünaslığında, istərsə də dünya şərqşünaslığında adı daima hörmətlə çəkilən şəxsiyyətlərdəndir. G.Baxşəliyeva ərəb məhcər ədəbiyyatını sistemli şəkildə keçmiş Sovetlər məkanında ilk tədqiq edən alimin məhz Aida İmanquliyevanın olduğunu xatırladaraq, görkəmli alimin tədqiqatlarının əsasən bu sahə ilə bağlı olduğunu qeyd etdi və onun məhz Əmin ər-Reyhaniyə həsr olunmuş tədqiqatlarından söz açıb. O, bu gün də Aida İmanquliyeva məktəbinin Şərqşünaslıq İnstitutunda davam etdirildiyini və ərəb məhcər ədəbiyyatına aid tədqiqatların aparıldığını, dissertasiyaların, monoqrafiyaların yazıldığını, məhcər ədiblərinin əsərlərinin tərcümə edilərək çap edildiyini vurğulayıb.

Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Fatma Məcidova “Əmin ər-Reyhani yaradıcılığında Ərəb Şərqi” mövzusunda məruzə edib. Əmin ər-Reyhaninin özünün məhcər ədəbiyyatı həmkarları ilə müqayisədə XX əsrin əvvəllərindəki Ərəb Şərqinin mövcud həyatı ilə yaxından maraqlanan realist bir şair, yazıçı-publisist olduğunu deyən məruzəçi ədibin yaradıcılığının Ərəb Şərqi ilə bağlı dövründən, ərəb ölkələrinə səyahətlərindən, bu mövzuya həsr etdiyi əsərlərindən ətraflı bəhs edib. F.Məcidova bu əsərlərdə Əmin ər-Reyhaninin ərəb ölkələrində rastlaşdığı ictimai-siyasi, ədəbi-mədəni vəziyyət, ərəblərin etnoqrafiyası və s. barədə çoxlu orijinal fikir və düşüncələrin toplandığını qeyd edib.

Tədbirdə institutun Ərəb filologiyası şöbəsinin müdiri, f.ü.e.d. Vilayət Cəfərovun “Əmin ər-Reyhaninin İraq təəssüratları”, Şərq-Qərb şöbəsinin böyük elmi işçiləri - f.ü.f.d. Mahir Həmidovun “Əmin ər-Reyhaninin “Ərəb baharı” anlayışı və onun sosial-fəlsəfi mahiyyəti”, Xuraman Əliyevanın “Aida İmanquliyeva Şərq-Qərb ədəbi əlaqələrinin tədqiqatçısı kimi” mövzularında məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: