AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında XX əsr Azərbaycan və fars ədəbiyyatının görkəmli nümayəndələrindən olan Məhəmmədhüseyn Şəhriyarın vəfatının 29-cu ildönümü ilə əlaqədar ədibin xatirəsi yad edilib.
Tədbiri giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq şairin həyat və yaradıcılığından, poeziyaya verdiyi töhfələrdən danışıb. Bildirib ki, fars və Azərbaycan dillərində şeirlər yazan M.Şəhriyar dünyanın klassik şairləri arasında mühüm yer tutur. Onun dərin məzmunlu əsərlərində bəşəri-humanist ideyalar, real və ideal aləm, insan taleyi, şəxsiyyət və zaman kimi fəlsəfi mahiyyət daşıyan problemlər əksini tapır.
Akademik İ.Həbibbəyli qeyd edib ki, güclü emosional təsirə malik şerləri ilə Hafiz Şirazi kimi böyük şöhrət qazanmış M.Şəhriyar nəinki İranda eləcə də Azərbaycanda, Türkiyədə və digər türkdilli ölkələrdə tanınıb. Onun yaşadığı məmləkətin sərhədlərini aşaraq başqa xalqların da qəlbini riqqətə gətirən şerləri bu gün də sevilərək oxunur.
AMEA-nın vitse-prezidenti şairin anım gününə töhfə olaraq Ədəbiyyat İnstitutu tərəfindən ədibin “Biblioqrafik göstərici”sinin hazırlandığını diqqətə çatdırıb. Alimin sözlərinə görə, M.Şəhriyarın həyat səhifələrini, yaradıcılığının önəmli məqamlarını, bədii irsinin nəşr tarixini özündə əks etdirən bu dəyərli kitab ensiklopedik xarakterli biblioqrafiq göstəricidir. O, yeni nəşrin Azərbaycan-İran ədəbi-elmi əlaqələrinin intensiv inkişafına təkan verəcəyinə əminliyini vurğulayıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə çap olunan kitabın elmi redaktoru akademik İ.Həbibbəyli, redaktorları - filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva və Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçisi isə Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuaddır.
Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, professor Əlizadə Əsgərli, kitabın müəllifi, fil.ü.f.d. Esmira Fuad, filologiya üzrə elmlər doktorları İslam Qəribli, Asif Rüstəmli və başqaları çıxış edərək ustad şairin yaradıcılığından söz açıblar. Bildirilib ki, M.Şəhriyarın vəfatı günü İranda rəsmi olaraq ədəbiyyat və şeir günü kimi qeyd edilir.
Sonda şairin həyat və yaradıcılığını əks etdirən slayd nümayiş olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.