Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.10.2017 14:16
  • A-
  • A
  • A+

“Görkəmli Azərbaycan folklorşünası Məmmədhüseyn Təhmasib” adlı elmi konfrans keçirilib

“Görkəmli Azərbaycan folklorşünası Məmmədhüseyn Təhmasib” adlı elmi konfrans keçirilib

Oktyabrın 5-də AMEA-nın Əsas binasında Ədəbiyyat və Folklor institutlarının birgə təşkilatçılığı ilə folklorşünas-alim Məmmədhüseyn Təhmasibin anadan olmasının 110 illiyinə həsr olunan “Görkəmli Azərbaycan folklorşünası Məmmədhüseyn Təhmasib” adlı elmi konfrans keçirilib.

Konfransda Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək Məmmədhüseyn Təhmasibin Azərbaycan folklorşünaslığı sahəsində gördüyü işlərdən danışıb. Qeyd edib ki, mərhum alimin Azərbaycan folklorunun toplanılması, sistemləşdirilməsi və araşdırılması istiqamətində mühüm xidmətləri olub. M.İmanov alimin "Azərbaycan xalq dastanları (orta əsrlər)" əsərini onun fəaliyyətinin şah əsəri adlandıraraq bildirib ki, M.Təhmasib bununla dastanların ilk dəfə elmi-nəzəri təsnifatını verib.

İnstitut direktoru alimin ədəbi-bədii yaradıcılıqla da məşğul olduğunu, "Qaçaq Nəbi", "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" kimi filmlərə ssenarilər yazdığını, həmçinin onun "Bahar", "Aslan yatağı" və digər pyeslərinin teatrlarda tamaşaya qoyulduğunu diqqətə çatdırıb.

Sonra AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək M.Təhmasibin folklorşünaslar nəslinin yetişməsində çox böyük xidmətləri olduğunu bildirib. Qeyd edib ki, məhz onun gərgin əməyi nəticəsində ilk dəfə mövsüm və mərasim nəğmələri toplanılıb, tədqiq edilib, aşıq, dastan və digər xalq ədəbiyyatı nümunələri yazıya köçürülüb.

Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev çıxış edərək M.Təhmasibi uşaq yaşlarından tanıdığını və onun sayəsində “Kitabi Dədə Qorqud” dastanını, M.Füzuli və başqalarının əsərlərini oxuduğunu bildirib. Mərhum alimin elmi əsərlərilə folklorumuzu zənginləşdirdiyini deyən K.Abdullayev qeyd edib ki, M.Təhmasib "Onu bağışlamaq olarmı?" filmi ilə Azərbaycan ədəbiyyatına "günah hissi" anlayışını gətirib.

Konfransda AMEA-nın müxbir üzvü Kamran Əliyev "Məhəmmədhüseyn Təhmasib məktəbi", fil.ü.e.d., professor Məhərrəm Qasımlı "Folklor karvanımı­zın ulu sarvanı", fil.ü.e.d., professor Tahirə Məmməd "M.Təhmasib tədqiqatlarında adət, ənənə və mərasim probleminə konseptual baxış" və fil.ü.e.d. Seyfəddin Rzasoy "Azərbaycan folklorşünaslıq tarixində M.Təhmasibin yeri" mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə M.Təhmasibin elmi fəaliyyətindən bəhs edilib, ustad folklorşünasın elmi əsərlərinin bu gün də aktuallığını itirmədiyi vurğulanıb.

Tədbir öz işini bölmə iclasları ilə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: