Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.10.2017 17:04
  • A-
  • A
  • A+

“Azərbaycan dilinin müasir problemləri: reallıqlar və vəzifələr” mövzusunda konfrans keçirilib

“Azərbaycan dilinin müasir problemləri: reallıqlar və vəzifələr” mövzusunda konfrans keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan dilinin müasir problemləri: reallıqlar və vəzifələr” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbir Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə baş tutub.

Konfransda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək dünyada gedən qloballaşma prosesinin dil, ədəbiyyat və mədəniyyətə öz təsirini göstərdiyini bildirib. Qeyd  edib ki, məhz dilimizin müasir saflığının qorunub saxlanması, zənginləşdirilməsi məqsədilə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" qəbul edilib. Akademik Azərbaycan dilinin, milli-mənəvi dəyərlərinin, mədəniyyətinin qorunub saxlanmasının ziyalıların hər zaman diqqət mərkəzində olduğunu və bu istiqamətdə AMEA-da bir sıra işlərin görüldüyünü deyib.

Dilçilik İnstitutunun ədəbi dil normalarının qorunması ilə bağlı monitorinqinə toxunan İ.Həbibbəyli KİV-də və reklam mətnlərində dil normalarının kobud şəkildə pozulduğunu, lüzumsuz terminlərdən istifadə edildiyini və həmin sözlərin dilimizdə münasib qarşılığı olduğunu deyib. İ.Həbibbəyli tədbir iştirakçılarına hazırda Azərbaycan dilinin yeni dövr orfoqrafiya qaydalarının hazırlanması barədə məlumat verib.

Akademik çıxışının sonunda arxaikləşmiş sözlərin ədəbi dilə qaytarılmasının vacibliyini vurğulayıb.

Sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli çıxış edərək “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi barədə məlumat verib. Qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd gənc alimlərdə ana dilinə sevgi və hörmət hissini artırmaq, yazıda və şifahi nitqdə ədəbi dilin normalarının qorunmasına təşviq etməkdir. Akademik müsabiqədə hazırda AMEA-da təhsil alan magistrant və doktorantların iştirak edəcəyini, qalibin 1500, II yeri tutan şəxsin 1200, III yerin sahibinin isə 1000 manat məbləğində mükafatlandırılacağını diqqətə çatdırıb.

Konfransda, həmçinin müsabiqənin növbəti illərdə media nümayəndələri arasında keçirilməsi barədə qərar qəbul olunub.

Sonra Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu "Ana dilinin saflığını qorumaq vətəndaşlıq borcudur", institutun Terminologiya şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Sayalı Sadıqova "Müasir dövrdə terminologiya və söz yaradıcılığı", filologiya üzrə elmlər doktoru, professor İsmayıl Məmmədli "Azərbaycan dilinin orfoqrafiya lüğətləri və müasir vəzifələri", filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva "KİV-in dilinin problemləri və perspektivləri", filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Qaziyeva "Azərbaycan dilinin orfoepiya lüğətləri və yeni mərhələnin qayğıları" adlı məruzələrlə çıxış ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: