Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.11.2017 17:02
  • A-
  • A
  • A+

Yer Elmləri Bölməsinin, Fizika və Fəlsəfə institutlarının birgə iclası keçirilib

Yer Elmləri Bölməsinin, Fizika və Fəlsəfə institutlarının birgə iclası keçirilib

Noyabrın 14-də AMEA-nın Yer Elmləri Bölməsinin (YEB), FizikaFəlsəfə institutlarının birgə iclası keçirilib.

Geologiya və Geofizika İnstitutunda təşkil olunan iclasda bölmə üzvləri, Fizika və Fəlsəfə institutlarının alim və mütəxəssisləri, elmi müəssisələrin rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YEB-in akademik-katibi, akademik Fəxrəddin Qədirov ölkə Prezidentinin 7 noyabr 2017-ci il tarixli Sərəncamı ilə akademik Əkpər Feyzullayevin 3-cü dərəcəli “Əmək” ordeni, AMEA-nın müxbir üzvləri Qalib Əfəndiyevin və Dadaş Hüseynovun “Tərəqqi” medalı ilə təltif olunduğunu xatırladıb. O, bu addımın Azərbaycan elminə böyük diqqət və qayğının nəticəsi olduğunu dilə gətirərək, alimlərə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev "Aləmin əbədi dövranı paradiqması" mövzusunda məruzəsini təqdim edib. Məruzəçi aləmin əbədi dövranı (AƏD) haqqında yeni elmi paradiqmanın əsaslarını təqdim edərək bildirib ki, bu paradiqmanın əvvəlkilərdən fərqi ikinci duyğuların – yenilənən koqnitiv sistemlərin nəticələrinin dərkolunma miqyası ilə bağlıdır.

Bütövlükdə kosmosla eyniləşdirilən materiyanın maddi və sərbəst haldan ibarət olduğunu deyən akademik qeyd edib ki, mütləq sərbəst hal azad enerji potensialına malik sonsuz fəza formasındadır. Məruzəçi vurğulayıb ki, ayrı-ayrı maddələrdən və azad fəzanın hissələrindən ibarət olan maddi hal fiziki, bioloji və informasiya formaları şəklində mövcuddur. Qeyd edib ki, materiya hər zaman onun bütün hallarının iştirakı ilə iş görür. Materiyanın üç – enerji, maddi və sərbəst aqreqat toplananı olduğunu, onun bütün formalarında azadlığa nail olmaq üçün əbədi mübarizə apardığını söyləyib.  Bu məqsədə çatmağın ən yaxşı yolunun axtarışı AƏD təmin edən hərəkətverici qüvvə rolunu oynayır.

Akademik bütün fundamental təsir qüvvələrinin materiyanın maddi və sərbəst halları ilə qarşılıqlı təsirinin AƏD-də müxtəlif miqyaslarda istəklərin icrasına xidmət etdiyini nəzərə çatdırıb. Əlavə edib ki, hər bir istək müəyyən hərəkətdə baş verdiyindən bu proses də qeyri-aşkar şəkildə təsirin ən kiçik prinsipinə tabedir. Kosmosda, Kainatda, Günəş sistemində, Yer planetində, cismlərin, molekulaların, atomların strukturlarında və sairədə müşahidə edilən qayda-qanun hər yerdə istisnasız olaraq baş verən hərəkətlərin bu prinsipə tabe olduğunun sübutudur. H.Quliyev vurğulayıb ki, insanın AƏD-də iştirakı istəklərin həyatakeçmə mexanizmlərini kifayət qədər zənginləşdirir, nəticədə koqnitiv sistem kimi materiyanın azad halının spesifik forması yaranır.

Hərəkətlərin müddətinin materiyanın informasiya formasının elementi olduğunu deyən alim bildirib ki, zaman isə müddətlərin spesifik ölçülmə nəticələrinin kəmiyyət göstəricilərinin qəbul olunmuş qaydada düzəni və istifadəsidir. Akademik kosmosun hər yerində materiyanın formalarının ayrı-ayrılıqda və ya müəyyən komplekslər halında iş gördüyünü, bunun nəticəsində müddətlərin toplum cəminin durmadan artdığını və bu artımdan təcrid olmağın mümkünsüzlüyünü vurğulayıb.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb. Akademiklər Adil QəribovPərviz MəmmədovArif İsmayılzadə, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, Akif Musayev, fəlsəfə elmləri doktoru Əbdülhəsən Abbasov və başqaları mövzu ətrafında suallarla çıxış ediblər.

İclasda bölmə akademik Budaq Budaqovun 90 illik, AMEA-nın müxbir üzvü Qərib Calalovun 80 illik yubileylərinin qeyd olunması ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.

Gündəlikdə yer alan növbəti məsələ Azərbaycan Respublikası Prezidentinin Gənclər üçün Prezident Mükafatına təqdim olunacaq namizədlərin müəyyənləşdirilməsi ilə bağlı olub. Bölmə Neft və Qaz İnstitutunun Təhsil şöbəsinin əməkdaşı Səfiyyə Əliyeva və Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin kiçik elmi işçisi, əyani doktorant Züleyxa Eyyubovanın namizədliklərinin təsdiqi və aidiyyatı komissiyaya təqdim edilməsini qərara alıb.

Sonda bir sıra cari məsələlər müzakirə edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: