Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.11.2017 13:17
  • A-
  • A
  • A+

AMEA-da “Müasir elm gənclərin baxışı ilə” mövzusunda elmi-praktik konfrans keçirilib

AMEA-da “Müasir elm gənclərin baxışı ilə” mövzusunda elmi-praktik konfrans keçirilib

Noyabrın 22-də Mərkəzi Elmi Kitabxanada AMEA Rəyasət Heyətinin, Gənc Alim və Mütəxəssislər Şurasının və Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Müasir elm gənclərin baxışı ilə” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, müstəqilliyimizin və dövlətçiliyimizin daha da möhkəmləndirilməsində gənclərin rolundan, onların elmə cəlb edilməsində görülən işlərdən danışıb. O, müasir dövrdə Azərbaycan elminin qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrildiyi vurğulayıb.

Bu gün Azərbaycan elminin sürətlə inkişaf etdiyini, bu sahədə ciddi islahatların aparıldığını, qabaqcıl texnologiyaların tətbiq olunduğunu söyləyən akademik İ.Həbibbəyli bu prosesin əsasında dövlət başçısının elmə böyük diqqət və qayğısının dayandığını qeyd edib. Bildirib ki, dövlətimizin siyasətində gənclərlə iş prioritet istiqamətlərdən biridir.

AMEA-nın vitse-prezidenti konfransın əsas məqsədinin istedadlı gənclərin elmə cəlb olunmaları, onların karyera yüksəlişində problemlərinin həlli yollarının, eləcə də prioritet istiqamətlər üzrə inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və faydalı müzakirələrin aparılması olduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev akademiyanın gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirib. O, AMEA-da gənc alim və mütəxəssislərin yaradıcı fəaliyyətlərinin stimullaşdırılması, onların xarici ölkələrin elm mərkəzlərinə ezam olunmaları istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb.

Dekabrın 15-də ölkəmizdə ilk dəfə Azərbaycan Gənc Alimlərinin I Qurultayının keçiriləcəyini söyləyən D.Tağıyev mötəbər tədbirə hazırlıq, o cümlədən respublikada fəaliyyət göstərən gənclərlə bağlı elmi təşkilatların birgə fəaliyyəti və koordinasiya problemləri, həmçinin elm, təhsil və innovasiya sahələrinin inkişafında multidissiplinarlığın bərqərar olunması baxımından bugünkü konfransın əhəmiyyətini qeyd edib.

“Azərbaycanda 140-a yaxın elmi müəssisə fəaliyyət göstərir ki, onlardan da 40-ı Akademiyanın payına düşür”, - deyən akademik D.Tağıyev AMEA Rəyasət Heyətinin qərarına əsasən, 35 yaşına kimi "elmlər doktoru" elmi dərəcəsi alan şəxslərə 5000 manat pul mükafatının veriləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, dünyada 7,8 milyon insan elmi-tədqiqatla məşğul olur. Onların sayı son 10 ildə 20% artıb.  

Daha sonra çıxış edən Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov ölkəmizdə, o cümlədən akademiyada gənclərin elmi fəaliyyətlə məşğul olmaları üçün yaradılmış münbit şəraitdən, bu gün dünya elminin qarşısında duran əsas problemlərdən, gənc alimlərin bu problemlərin həllində iştirakından, fundamental elmi biliklərin innovativ layihələrə transformasiyasından, gənclərin beynəlxalq elmi layihələrdə iştirak imkanlarından danışıb.

Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru Habil Qurbanov isə çıxışında gənclərin beynəlxalq aləmə inteqrasiyası, kreativ ideyalarının reallaşdırılması və sosial rifah hallarının yaxşılaşdırılması istiqamətində AMEA tərəfindən mühüm addımların atıldığını bildirib. H.Qurbanov rəhbərlik etdiyi qurumun şuraya hər zaman maddi və mənəvi dəstək göstərdiyini vurğulayıb.

Tədbirdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Daşqın Qənbərov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov və başqaları çıxış edərək gənc alim və mütəxəssislərin yaradıcı fəaliyyətinin stimullaşdırılması və onların xarici ölkələrin elmi mərkəzlərinə ezam edilmələri istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıblar.

Konfrans çərçivəsində akademik institutların, elm-istehsalat müəssisələrinin və digər müvafiq qurumların gənc alim və mütəxəssislərinin iştirakı ilə “Elmi məktəblər və fundamental elmi axtarışlar”, “Elm, təhsil və innovasiya üçbucağı: inkişafın vəhdət modeli”, “Yüksək Texnologiyalar Parkı – innovativ ideyaların real məkanı”, “Azərbaycanda elmi təşkilatların birgə fəaliyyəti və koordinasiya problemləri” mövzuları ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: