Dekabrın 13-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli alimin zəngin elmi yaradıcılığından, institutun direktoru kimi fəaliyyətindən bəhs edib. Bildirib ki, yüksək intellektual təfəkkürə malik olan M.Quluzadə öz geniş diapazonlu elmi fəaliyyəti və zəngin irsi ilə Azərbaycan elminin inkişafına dəyərli töhfələr verib.
Akademik görkəmli alimin Nizami Gəncəvi, Zülfüqar Şirvani, Mahmud Şəbüstəri, İmadəddin Nəsimi, Qazi Burhanəddin, Məhəmməd Füzuli və digərlərinin yaradıcılığını tədqiq etdiyini və onun XII-XVII əsrlər Azərbaycan ədəbiyyatına dair silsilə əsərlərinin Fransada çap olunduğunu bildirib. Qeyd edib ki, nəzəri-metodoloji axtarışlar, fəlsəfi-estetik ümumiləşdirmələr, tarixilik ilə müasirliyin vəhdəti M.Quluzadənin klassik irsə dair əsərlərinin mahiyyətini təşkil edir.
İ.Həbibbəyli alimin "Müxtəsər ədəbiyyat ensiklopediyası", "Böyük Sovet Ensiklopediyası" və "Ukrayna ensiklopediyasında" Azərbaycana dair bir çox yazıların müəllifi olduğunu və M.Quluzadənin ədəbiyyatşünaslığımızın qızıl fondunda özünəməxsus yer tutduğunu söyləyib.
Elmi sessiyada filologiya elmləri doktoru Fəridə Əzizova "Mirzağa Quluzadə klassik irsimizin tədqiqatçısı kimi", filologiya elmləri doktoru Məmməd Əliyev "Professor Mirzağa Quluzadə", filologiya elmləri doktoru İmamverdi Həmidov " Professor Mirzağa Quluzadənin elmi-təşkilati fəaliyyətinə dair" mövzularında məruzə ilə çıxış ediblər.
Daha sonra filologiya elmləri doktoru Şirindil Alışanlı, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad alim haqqında xatirələrini bölüşüblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.