Bu gün AMEA Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında “Verner fon Simens. Qafqaz səyahətləri” kitabının təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə əməkdar elm xadimi, institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov açdı. Alim Azərbaycanın Avropa, o cümlədən Almaniya ilə siyasi və mədəni əlaqələrinin tarixi, ölkəmizə səyahət edən xarici səyyahların əsərləri, XIX əsrdə Azərbaycanın qərbində salınan alman məskənləri, Simenslərin Azərbaycandakı fəaliyyəti haqqında ətraflı məlumat verdi. Y.Mahmudov Almaniyanın Azərbaycan iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynadığını, həmçinin elmi və mədəni əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə etdi. Qeyd etdi ki, Almaniyada Azərbaycan həqiqətlərinin təbliğatının gücləndirilməsi vacib məsələlərdəndir.
“Azərbaycanın Gədəbəy bölgəsinin tarixini öyrənmək üçün qiymətli ilk mənbə” adlı məruzə ilə çıxış edən millət vəkili Sevinc Hüseynova Gədəbəydə mədən işinin qədim tarixi, bölgədə metallurgiyanın inkişafında Simens qardaşlarının rolundan söz açdı.
Sonra Almaniya Federativ Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Haydrun Tempel “Azərbaycan-Almaniya əlaqələri: tarixi keçmiş, müasir dövr, perspektivlər” adlı məruzə ilə çıxış etdi. H.Tempel Azərbaycan-Almaniya əlaqələrinin yüksək səviyyədə həyata keçirildiyini, nəşr olunan kitabın qiymətli mənbə olduğunu və bu kimi nəşrlərin sayının artırılmasının zəruriliyini vurğuladı.
İnstitutun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, millət vəkili Rafiq Məmmədhəsənov çıxış edərək kitabın Gədəbəyin, o cümlədən Cənubi Qafqazın tarixini öyrənmək baxımından qiymətli mənbə olduğunu qeyd etdilər. Professor Ziglinde Hartman< Azərbaycan-Almaniya mədəni əlaqələrində ədəbiyyatın, əlyazmaların ilk mənbə kimi rolundan söz açdı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.