Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.03.2018 08:22
  • A-
  • A
  • A+

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan məktəblərarası bilik yarışması keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan məktəblərarası bilik yarışması keçirilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş məktəblərarası viktorina keçirilib.

Azərbaycanın zəngin tarixinin öyrənilməsi, eyni zamanda, muzeyə və maarifləndirici yarışlara marağın artırılması məqsədilə keçirilən intellektual yarışda Xətai rayonu 55 nömrəli tam orta məktəb, Səbail rayonu T.İsmayılov adına 6 nömrəli məktəb-lisey və M.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Bilik yarışmasının sualları orta məktəbin “Azərbaycan tarixi” fənni proqramına və muzeyin elmi-ekspozisiyasına uyğun olaraq hazırlanıb.

Viktorina Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanıb.

İştirakçılara aparıcı tərəfindən verilən suallar, eyni zamanda, monitorda slayd vasitəsilə müşayiət olunub. Yarışmanın turları “Tarix və hadisələr”, “Tarixdə şəxsiyyətlər”, “Şəhərlər və abidələr”, “Milli Azərbaycan Tarixi Muzeyini necə tanıyırsan?” mövzuları üzrə keçirilib. Maarifləndirici yarışda hər biri altı nəfərdən ibarət üç komanda – “Odlar yurdu”, “Xəzər”, və “Sabah” komandaları iştirak edib.

İntellektual yarışda komandaların cavabları muzeyin direktoru, akademik Nailə Vəlixanlı başda olmaqla elmi işçilərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Bilik yarışmasının qalibi Xətai rayonu 55 nömrəli tam orta məktəbin “Odlar yurdu” komandası olub.

Qaliblər diplom, muzeyin nəfis tərtibatlı nəşrləri və xüsusi hədiyyə kimi MATM-ın “Ailə bileti” ilə mükafatlandırılıblar.

Sonda iştirakçı məktəblərin tarix müəllimələri “Azərbaycan tarixi” mövzusunda keçirilmiş viktorina haqqında fikirlərini söyləyib, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: