AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə institutun direktoru, akademik Ramiz Məmmədov AXC-nin yaranma tarixindən danışıb, Cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm və təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verdiyini qeyd edib. O, ölkə Prezidentin 16 may 2017-ci il tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncamına əsasən bütün elm və təhsil müəssisələrində, dövlət və özəl qurumlarda silsilə tədbirlərin təşkil edildiyini vurğulayıb. Bildirib ki, genişmiqyaslı demokratik islahatlar həyata keçirən AXC milli ordusunu yaradıb, qadınlara seçib-seçilmək hüququ verib, maarif, səhiyyə, mədəniyyət sahəsində geniş tədbirlər həyata keçirib.
Alim vurğulayıb ki, Azərbaycan Demokratik Respublikası iki istiqamətdə - yaranma tarixi və müstəqillik illəri müstəvisindən baxılmalı və tədqiq edilməlidir.
Sonra institutun Ekocoğrafiya şöbəsinin müdiri, a.ü.f.d., dosent Ənvər Əliyev “Tariximizin şanlı səhifəsi” mövzusunda təqdimatla çıxış edib. O, tarixi faktlarla Azərbaycan Cümhuriyyətinin yarandığı mühitin əsas məqamlarını qeyd edib, həmin dövrdə Zaqafqaziya Seymi adlanan idarəçilik qurumunun üzvü olan respublikaların müstəqillik aktları və onların sonrakı fəaliyyətinə aydınlıq gətirib. Məruzəçi həmin dövrdə respublika ərazisində erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı və vəhşiliklərdən danışıb, ərazilərimizin təmizlənməsində türk ordusunun əhəmiyyətli yürüşlərini qeyd edib.
Ə.Əliyev Azərbaycan tarixinin ənənələrini və simvollarını əbədiləşdirən “Dövlətçilik tarixi” muzeyinin yaradılmasını məqsədəuyğun hesab edib.
Daha sonra millət vəkili Tahir Kərimli çıxış edərək, dövlət başçısının 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini tarixi hadisə kimi qiymətləndirib, bu qərarın Azərbaycan xalqının dövlətçilik tarixinə, dövlətçilik ənənələrinin qədimliyinə, zənginliyinə verilən yüksək dəyər olduğunu vurğulayıb. O, AXC-nin, eləcə də soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə böyük abidə komplekslərinin yaradılmasının məqsədəuyğun olduğunu bildirib.
Tədbirdə institut Həmkarlar təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev, c.ü.f.d. Etibar Bədəlov, institutun vikipediya qrupunun rəhbəri Aida Aslanova və başqaları çıxış edərək tariximizin bu səhifəsinin tədqiqinin məhz ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasəti səviyyəsinə qaldırıldığını və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.