Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.05.2018 16:01
  • A-
  • A
  • A+

"Clarivate Analytics (Thomson Reuters)" agentliyi AMEA-da növbəti seminar keçirib

"Clarivate Analytics (Thomson Reuters)" agentliyi AMEA-da növbəti seminar keçirib

Mayın 2-də AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə "Clarivate Analytics (Thomson Reuters)" agentliyi tərəfindən akademiyanın elmi müəssisələrinin əməkdaşları üçün iki günlük seminara start verilib.

Mərkəzi Elmi Kitabxanada baş tutan tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev açıb, iki qurum arasında mövcud əməkdaşlıqdan, agentliyin "Web of Science" məlumat bazasının ölkəmiz üzrə istifadəçilərinin sayının artmasından danışıb. Yüksək indeksli nəşrləri özündə birləşdirən etibarlı baza kimi "Web of Science" məlumat platformasından istifadənin əhəmiyyətindən danışan D.Tağıyev seminarın vacibliyini vurğulayıb.

Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı di­rek­toru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev, "Clarivate Analytics" agentliyinin Azərbaycan üzrə nümayəndəsi və elmi-informasiya resursları üzrə eksperti Aygün Babazadə çıxış ediblər.

Daha sonra Ukrayna Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika İnstitutunun baş elmi işçisi, "Biopolymers and Cell" jurnalının redaksiya heyətinin rəhbəri İrina Tixonkova "Tədqiqatçının və elmi müəssisənin nəşr strategiyası" mövzusunda təqdimatla çıxış edib.

Ukraynalı mütəxəssis yırtıcı jurnallar və onlarla mübarizə üsulları, jurnalların seçilməsi və qiymətləndirilməsi üzrə praktik tövsiyələr, nəşriyyat xərcləri, əlyazmanın tərtibatı, tədqiqatçı və elmi təşkilatın nailiyyətlərinin davamlı təqdimatı, tədqiqat və nəşr dövriyyəsinin əsas mərhələləri, müəllifin, rəyçinin və redaktorun hər bir mərhələdə rolu, nəşriyyat prosesində müəlliflərin ən çox yol verdiyi səhvlər və s. haqqında danışıb.

Qeyd edək ki, seminarın ikinci günündə İrina Tixonkovanın "Müasir Elmi jurnallar: atributlar, göstəricilər, məqsəd və perspektivlər" adlı məruzəsi təqdim ediləcək. Alim elmi jurnalların yoxlanılması, keyfiyyət və səviyyələrinin qaldırılması istiqamətində praktik tövsiyələr, "Web of Science" bazasına daxil olmaq üçün jurnallar qarşısında qoyulmuş şərtlər və meyarlar, elmi jurnalların əsas elmi və texniki göstəricilərinin təsnifatı (redaktorlar şurası, müəllif, rəyçilər, veb-səhifə, ISSN, doi, elmi bazalarda indeksasiya) və elmi jurnalların biznes modelləri haqqında məlumat verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: