Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dövlətçilik tariximizdə əbədiyaşar izlər müəllifi ulu öndər Heydər Əliyev mədəni-tarixi irs ilə yanaşı, elmin, ədəbiyyatın, mədəniyyətin, müasir gəncliyin, təhsilin də böyük hamisi və təəssübkeşi idi.
Bu fikirlər AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan elmi sessiyada səslənib. Tədbir Ədəbiyyat Muzeyi və “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Muzeyin direktoru, akademik Rafael Hüseynov “Həmişə bizimlə qalan qurucu” mövzusunda məruzəsində Ulu Öndərin Azərbaycanın müstəqilliyi, rifahı uğrundakı müstəsna xidmətlərindən söz açıb, gənc nəslin azərbaycançılıq təfəkkürü ilə inkişafında dahi şəxsiyyətin danılmaz rolunu xüsusi vurğulayıb.
Bildirilib ki, qüdrətli siyasi və dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə böyük siyasətə Azərbaycanın yenidən bərpa olunan müstəqilliyinin o dövründə qayıtdı ki, XX əsrin əvvəllərində olduğu kimi həmin istiqlal yenə süquta uğraya bilərdi. Azərbaycanın çox çətin və təlatümlü bir dövründə Ümummilli Liderin üzərinə böyük və məsuliyyətli missiya düşürdü. Bu dahi rəhbərin siyasi zəkası və sarsılmaz qətiyyəti sayəsində ölkəmiz parçalanmaqdan, xaosdan, vətəndaş müharibəsindən qurtuldu, müasir Azərbaycan dövlətinin memarı olan bu misilsiz şəxsiyyət dövlətimizin iqtisadiyyatını dirçəltdi. Ulu Öndər XX əsrdə Azərbaycanın müstəqilliyini yenidən bərpa etdi, qorudu və möhkəmləndirdi. Azərbaycanın dövlətçilik tarixində və ölkəmizin müstəqilliyinin yenidən bərpa olunmasında Ulu Öndərin böyük tarixi xidmətləri olub. Müasir, güclü, tərəqqi edən Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin ömrünün mənası, şah əsəridir.
Diqqətə çatdırılıb ki, dahi və uzaqgörən rəhbər Heydər Əliyev Azərbaycanın müstəqilliyini, istiqlalını XX əsrin sonlarının çox ağır, sınaqlı mübarizəli yollarından uğurla keçirərək XXI əsrə çatdırıb. Ümummilli Lider təkcə istiqlalımızı möhkəmləndirməyib, yalnız onun dönməzliyini, sarsılmazlığını təmin etməyib, həm də müasir Azərbaycan dövlətinin bünövrəsini, təməlini, dayaq sütunlarını yaradıb. Ulu Öndərin bütün sahələrdə uğurlu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən böyük əzmkarlıqla davam etdirilir.
R.Hüseynov Azərbaycan elminin, mədəniyyətinin, ədəbiyyatının inkişafında və dünyada tanıdılmasında Ulu Öndərin böyük rolundan söz açıb, dahi rəhbərin xalqımızın mənəvi sərvətlərinin qorunması və təbliği sahəsindəki müstəsna xidmətlərini xüsusi qeyd edib. Bildirilib ki, görkəmli dövlət xadimi Heydər Əliyev ədəbiyyata, mədəniyyətə, incəsənətə bağlı insan olub və hər zaman Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə xüsusi qayğı ilə yanaşıb.
Akademik R.Hüseynov ümummilli lider Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycana yenidən qayıdışından sonra ilk ziyarət etdiyi yerlərdən birinin Ədəbiyyat Muzeyi olduğunu söyləyib.
Ulu Öndərin hər zaman elm, mədəniyyət xadimlərinə, şair və yazıçılara, ziyalılara böyük qayğı ilə yanaşdığını deyən akademik bildirib ki, ümummilli lider Heydər Əliyevin diqqəti və qətiyyəti sayəsində Hüseyn Cavidin nəşi uzaq Sibirdən doğma Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilib.
Sonra Bakının 45, 212 nömrəli orta məktəblərinin, Xan Şuşinski adına musiqi məktəbinin və Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri şeir və mahnılar ifa ediblər.
Tədbirdə Ulu Öndərin şanlı ömür yolunu əks etdirən sərgi nümayiş olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.