AMEA-nın İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyasının banisidir” mövzusunda elmi-praktiki konfrans keçirilib.
AMEA-nın Əsas binasında baş tutan tədbirdə əvvəlcə ulu öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Konfransı institutun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov açaraq Azərbaycanın bugünkü inkişafının təməlində ümummilli liderin 1990-cı illərdə apardığı strateji iqtisadi islahatların dayandığını bildirib. Qeyd edib ki, Heydər Əliyev uzaqgörənliyi ilə zamanı qabaqlayıb, ölkənin gələcək inkişafını iqtisadiyyat üzərində dövlət inhisarçılığının aradan qaldırılmasında, sahibkarlığın inkişaf etdirilməsində və iqtisadiyyatın liberallaşdırılmasında görüb.
N.İmanov, həmçinin 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın neft strategiyasının əsasının qoyulduğunu, qısa müddətdə ölkənin gəlirlərinin artdığını, investisiya axınının başladığını söyləyib.
Ulu öndərin Azərbaycanın tarixinə həm də radikal torpaq islahatlarının müəllifi kimi düşdüyünü deyən alim bildirib ki, 1996-cı ildə qəbul edilmiş “Torpaq islahatı haqqında” Qanuna əsasən, postsovet məkanında ilk dəfə torpaq üzərində xüsusi mülkiyyətçiliyin əsası qoyulub.
O, ümummilli liderin imzaladığı “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” və “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanlarla ölkəmizdə özəl sektorun, sahibkarlığın sürətli inkişafı üçün əlverişli mühitin yarandığını bildirib.
Daha sonra konfransda AMEA-nın müxbir üzvü Şahbaz Muradovun "Heydər Əliyevin iqtisadi inkişaf strategiyası: nəticələr, problemlər, vəzifələr", iqtisad elmləri doktoru, professor Tofiq Hüseynovun "Heydər Əliyev və Azərbaycanın sənaye siyasəti", iqtisad elmləri doktoru, professor İsa Alıyevin "Heydər Əliyev və Azərbaycanda aqrar siyasət" və iqtisad elmləri doktoru, professor Rəna Sultanovanın "Heydər Əliyev və Azərbaycan regional iqtisadi siyasət" mövzusunda məruzəsi dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.